Qətərin “Aspire” İdman Akademiyası Qəbələdə təlim-məşq toplanışındadır. Avqustun 4-də başlayan hazırlıq prosesi ayın 23-dək davam edəcək. 230 nəfərdən ibarət nümayəndə heyətində 2006-2011-ci il təvəllüdlü futbolçular da yer alıb.
Asiyalıların toplanışı yoxlama oyunları ilə yekunlaşacaq. “Aspire” ilə təkcə “Qəbələ” deyil, ölkəmizin digər klublarının aşağı yaş qrupları üzrə komandalar da qarşılaşacaq. Bu matçların təqvimi yaxın müddətdə dəqiqləşəcək.
“Aspire” Asiyanın ən yaxşı idman akademiyalarından biri hesab olunur. Bu akademiya Qətər yığmalarının bazası sayılır.
“Qəbələ” və “Aspire” arasında münasibətlərin əsası 2016-cı ildə qoyulub. Həmin vaxt “qırmızı-qaralar”ın üç yaş qrupu üzrə komandası turnirə dəvət olunub.
Xatırladaq ki, əsası 2004-cü ildə qoyulan “Aspire” İdman Akademiyasında müxtəlif növlər üzrə bölmələr fəaliyyət göstərir. Burada əsas üstünlük futbol və atletikaya verilib.