Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirinə yekun vurulub. “Qəbələ” Futbol Akademiyasının, yerli “Aspire”nin və Fransa “Mets”inin üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın son günündə “qırmızı-qaralar” meydan sahibləri ilə görüşüb. U-10 komandalarının oyununda Qətər təmsilçisi qalib gəlib – 7:1. “Qəbələ”nin yeganə qoluna Murad Abdullayev imza atıb. Ötən tur “Mets”ə 1:3 hesabı ilə uduzan Anar Surxayevin yetirmələri 3-cü yeri tutub. İlk oyununda fransalılara 5:4 hesabı ilə qalib gələn U-11 komandamız da meydan sahibləri ilə matçdan xalsız ayrılıb – 0:4. Namiq Əliyevin yetirmələri turniri 2-ci pillədə başa vurublar. U-12-lərin mübarizəsində də qalib gələn “Aspire” olub - 4:2. “Qəbələ”nin qollarına Hüseyn Hüseynzadə və Cavad Kərimov imza atıblar. Dünən “Mets”ə də uduzan (1:7) Zaur Hacıyevin yetirmələri turnirin 3-cüsü olublar.
Qeyd edək ki, U-10 və U-11-lərin yarışında “Aspire”, U-12-lərin turnirində isə “Mets” qalib adına yiyələnib. Turnirin son oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə yarışın bütün iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.