«Futbolçularımız qələbə üçün lazım olan hər şeyi etdilər»
Xəbərlər / 24 Oktyabr 2018 | 18:49510
«Futbolçularımız qələbə üçün lazım olan hər şeyi etdilər»

UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Şerif” (Moldova) – “Qəbələ” matçından (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyevin mətbuat konfransı keçirilib. Sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Oyunun çətin keçəcəyini bilirdik. İlk qarşılaşma “Şerif”in yaxşı komanda olduğunu göstərmişdi. Evdə keçirdiyimiz ilk görüşdə heç-heçə etdik. Bu qarşılaşmadan sonra oyunu və rəqibi analiz edib, güclü və zəif tərəflərin müəyyənləşdirdik. Ən əsası isə futbolçularımız verilən tapşırıqları, qələbə üçün lazım olan hər şeyi etdilər. Deməzdim ki, səfərdə evdəkindən daha yaxşı oynamışıq. Həmin oyunda da, xüsusilə ikinci hissədə qol imkanlarımız çox oldu. Cavab oyununda rəqib daha çox arxada oynadığından onları təzyiq altında saxlayıb, səhv buraxmağa məcbur etdik. İlk qol da bunun nəticəsi idi. Arxaya ötürmədə topu ələ keçirib hesabı açdıq. Digər iki qolumuz da pressinq sayəsində vuruldu. “Şerif” yaxşı komandadır. Həm müdafiə, həm hücumda oynamağı bacarır. Bu gün biz daha güclü oynadığımız üçün qalib gəldik. “Herta” – “Lex” oyununa gəlincə, hər iki komanda yaxşı rəqibdir. Futbolda zəif rəqib yoxdur. Yaxşı hazırlaşıb, onlarla bərabər səviyyədə oynamaq olar”.