«Hədəfimiz «Qəbələ»ni layiqincə təmsil etməkdir»
Xəbərlər / 12 Noyabr 2012 | 09:07417
«Hədəfimiz «Qəbələ»ni layiqincə təmsil etməkdir»

“Qəbələ”nin U-15 komandası "Kapital Bank U-15 Liqa"da 2012/2013 mövsümünə uğurla başlayıb. Famil Xəlilovun başçılıq etdiyi komanda çempionatda uğurlu start götürüb. Böyükhesablı qələbə ilə başa çatan ilk matçdan sonra F. Xəlilov komandasının hazırlığı və perspektivi haqqında fikirlərini bizimlə bölüşüb. O, əvvəlcə komandasının mövsümdəki ilk qələbəsindən danışıb: “Çempionatn ilk oyunları həmışə çətin olur. Yetirmələrimin göstərdiyi oyundan və nəticələrdən razı qaldım. Bununla belə, çatışmayan cəhətlər də var. Çatışmazlıqları çalışıb, yaxın vaxtlarda aradan qaldıracağıq. Hədəfimiz həm çempionatda, həm də beynəlxalq yarışda “Qəbələ”ni layiqincə təmsil etməkdir. İnanıram ki, komandam bundan sonra da yaxşı oynayacaq və qələbələrini sıralayacaq”.

Famil Xəlilov komandasının hazırlığına da toxunub: “Komanda 2 aydır liqa oyunlarına hazırlaşırdı. Futbolçularım hazırlıq çərçivəsində keçirdikləri yoxlama oyunlarında hansı qüvvəyə malik olduqlarını göstəriblər. Hazırlıq dönəmində yetirmələrim həm Qəbələ Futbol Akademiyasının, həm də başqa bölgələrdən olan komandalarla yoxlama görüşlərində qüvvələrini sınayıblar.

İlk turlarda böyük hesabla qələbə qazansaq da, həmişə yetirmələrimə deyirəm ki, bizdə “zəif rəqib” anlayışı olmamalıdır. Hər oyuna final matçı kimi çıxmaq lazımdır. Tələbim budur ki, rəqibə istədiyimiz oyun tərzini qəbul etdirək və qələbə qazanaq.

Bildiyiniz kimi bu komanda gələn il “II Qəbələ Kuboku” beynəlxalq turnirində çıxış edəcək. Bu mövsümdə həm daxili yarışlarda, həm də, qeyd etdiyim beynəlxalq turnirdə uğurlu çıxış etmək niyyətindəyik. Məhz bu səbəbdən hazırlıq dövründə tərəfdaş kimi bir yaş böyüklərdən ibarət komandaları seçdik”.

Qeyd edək ki, “Qəbələ”nin 15 yaşlılardan ibarət komandasının hazırkı heyəti ötən il U-14 Liqasında çıxış edib. Komandaya bu ildən başçılıq edən gənc mütəxəssis komandası haqqında bunları dedi: “Bu ildən akademiya komandaları oyunlara vahid sistemlə (4-3-3) çıxır. Bu, çox çətin sistemdir. Uğur qazanmaq üçün heyət texnikalı və sürətli oyunçulardan təşkil olunmalıdır. Üstəlik, futbolçular zəkalı olmalıdırlar ki, dediyim sistemi qavrayıb, meydançada tətbiq edib, bəhrəsini görə bilsinlər. Komandamın 4-5 üzvü U-15 milli komandanın oyunçularıdır. Komandada beynəlxalq təcrübəyə malik futbolçuların olması da, yeni sistemi komandada tətbiq eləmək baxmından işimi rahatlaşdırır.

Mən bu komandaya gələndən sonra heyətdə müəyyən dəyişikliklər olub. Yeni futbolçular da almışıq. Onlardan biri Dağıstandan gətirdiyimiz Murtuz Abakarovdur. O, komandanın gücünə güc qatan futbolçulardandır. Ayrı-ayrılıqda adlarını çəkmək istəmirəm, amma bu komandada istedadlı futbolçular çoxdur. Futbolçularımın bu səviyyəyə çatmasında komandanın keçmiş baş məşqçisi Hüseynqulu Quliyevin də böyük xidməti olub”. 

Qeyd edək ki, Famil Xəlilov ötən mövsüm “Qəbələ”nin U-17 komandasında məşqçi olub. O, komandası ilə bir dəfə qızıl,bir dəfə isə gümüş medallara sahib çıxıb.