Litvada uğurlu start
Xəbərlər / 24 Oktyabr 2014 | 18:48403
“Qəbələ” Futbol Akademiyası mövsümün ilk səfərinə start verib. 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komandamız Litvanın paytaxtı Vilnüsdə təşkil olunan “Ateitis Cup 2014” beynəlxalq turnirində mübarizəyə başlayıb. Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkədə oktyabrın 26-dək davam edəcək yarışın ilk günündə 3 matç keçirib. Turnirə uğurla başlayan komanda bu görüşlərdə 6 xal əldə edib. U-15 ilk qarşılaşmasında “Feniks” (Kaunas, Latviya) komandası ilə görüşüb, 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” turnirə qələbə ilə başlamağı bacarıb. Komandamızın qollarını Kamran Quliyev və Fəqan Məsimov vurub. II turda Milli Futbol Akademiyası (Litva) ilə görüşən “Qəbələ” meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Növbəti qarşılaşmada “Dinamo” (Kiyev, Ukrayna) ilə üz-üzə gələn Yunusovun yetirmələri rəqibini böyükhesabla məğlub edib – 4:0. Kamran Quliyevin dubl etdiyi matçda Fəqan Məsimovla Eldost Qiyasbəyli hərəyə 1 dəfə fərqlənib.
Qeyd edək ki, B qrupunda çıxış edən “Qəbələ” sabah 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək.