Öncədən xəbər verdiyimiz kimi “Qəbələ”-“Barselona” əməkdaşlığı çərçivəsində “Qəbələ” Futbol Akademiyasının məşqçilər heyəti təcrübə məqsədi ilə Barselonada səfərdədir. Fevralın 4-də start verilən səfərin ilk 5 günü bir sıra yaddaqalan hadisələr və işgüzar görüşlərlə əlamətdar olub. Bu barədə gabalafc.az-a heyətdə yer alan Akademiya direktorunun müavini Nail Kərimov məlumat verib:
“ Öncədən planlaşdırıldığı kimi gəldiyimiz gün Barselona-Real Sosyedad oyununu izlədik. Ertəsi gün akademiya liqaları çərçivəsində Barselonanın 3 oyununa baxdıq – U-9, U-13 və U-14. Bu oyunlar akademiya təsisləri və Bescolanın stadionlarında keçirildi. Oyunlar zamanı Moratalyanın başçılıq etdiyi qrupla oyunlar haqqında fikir mübadiləsi aparıldı. Ayın 6-da müxtəlif yaş qruplarından ibarət komandaların – U-17 və U-16-nın məşqlərini izlədik. Məşqlərdən sonra həmin komandaların məşqçiləri ilə qısa görüşlər təşkil edildi. Növbəti gün Barselona şəhərinin bəzi önəmli idman obyektləri ilə tanışlıq oldu. Bura Barselona Olimpiya stadionu, Barselona Fiziki Hazırlıq İnstitutu və klubun təsisləri daxildir”.
Nail Kərimov “Barselona”lı ulduzların yetişdikləri La Masia ilə tanışlığın təfərrüatlarından bəhs edib:
“Barselona akademiya futbolçularının məskunlaşdıqları La Masia adlanan yaşayış binası ilə tanışlıq xüsusi qeyd olunmalıdır. Binanın direktoru Karlos Figeroa akademiyada oyunçuları necə yerləşdirdiklərini, onların təhsili və ailə problemləri ilə necə məşğul olduqlarını, qidalanma formasını, ümumilikdə, akademiyada futbolçunun gündəlik yaşayış şəklini izah etdi. Qeyd edək ki, La Masiada İspaniyanın müxtəlif bölgələri, Koreya, Yaponiyadan tutmuş, Kamerun, Nigeriya, Braziliya, Argentina, Yunanıstana qədər müxtəlif ölkələrdən 12-18 yaş arası ümumilikdə 49 futbolçu məskunlaşıb. Futbolçularla, yanaşı, digər idman növləri ilə məşğul olan 26 yeniyetmə də həmin binada yaşayır. Akademiyanın bazası ilə tanışlıq da oldu. Burada ümumilikdə 9 – 4 süni, 5 təbii meydança var. Müalicə və reabilitasiya mərkəzi ilə də tanışlıq oldu”.
Fevralın 8-də isə məşqçi heyəti “Barselona” FK Akademiya direktoru Gilyerme Amorla görüşüb:
"Dünən “Barselona” B komandasının məşqini “Barselona” FK akademiya direktoru Gilyerme Amorla birlikdə izlədik, məşq boyunca ispaniyalı mütəxəssislə fikir mübadiləsi aparıldı. Zaman-zaman əsas komandanın heyətində gördüyümüz futbolçulardan bir neçəsi də həmin məşqdə iştirak etdilər. Klubda çox önəm verilən B komandasının məşqi zamanı meydançaya müxtəlif işləri görən 5 məşqçi eyni zamanda çıxır. Qeyd etmək lazımdır ki, dekabr ayında Xosep Moratalyanın rəhbərlik etdiyi kurslarda verilən dərsləri burada canlı seyr etməklə Barselonanın məşq və oyun sistemini daha yaxşı qavramaq mümkündür. Barselona futbol klubunun nəzdindəki bütün komandalar eyni məşq sistemi üzrə hazırlanırlar və bu sistem bütün dünyanın tətbiq etdiyi sistemlərdən xeyli fərqlənir. Axşam saatlarında UEFA tərəfindən yeni təşkil olunmağa başlayan 18 yaşadək futbolçular arasında Çempionlar Liqası çərçivəsində Barselona-Ayaks oyununu izlədik. Nümayəndə heyətimiz Kral Kubokunun yarımfinal oyunu Barselona-Valensiya matçını da Nou Kampdan izlədi”.