“Qəbələ” – “Barselona” əməkdaşlığının ilkin mərhələsi start götürdü
Xəbərlər / 11 Dekabr 2011 | 20:00652
Daha öncə “Qəbələ” Futbol Klubu və İspaniyanın “Barselona” klubu arasında əməkdaşlıq barədə müqavilə imzalanması haqqında xəbər vermişdik. Qarşısına dünya səviyyəli futbol klubu yaratmaq məqsədi qoyan komandamızın sözügedən əməkdaşlığın qurulmasındakı məqsədi “Qəbələ”nin peşəkar klub kimi formalaşmasında “Barselona” təcrübəsindən yararlanmaqdır. Artıq müqaviləyə daxil olunan məsələlərdən ilkinin reallaşdırılmasına dekabrın 12-dən (bugün) start verilib. İspaniya təmsilçisinin məşqçiləri Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell artıq Qəbələdə seminarların keçirilməsinə start veriblər. “Barselona”nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla başçılığı ilə təşkil olunan seminarda “Qəbələ” Futbol Akademiyasının, əvəzedici heyətinin məşqçiləri və seleksiyaçı məşqçilər iştirak edirlər. Gündəlik iki hissədən ibarət olan seminarda 10 gün ərzində yerli məşqçilərə nəzəri və praktiki məşqlər keçiləcək. Günün ilk yarısında məşqçilərə nəzəri bilgilər veriləcək. Günün ikinci yarısında isə ispaniyalı mütəxəssislər bu bilgilərin praktiki olaraq həyata keçirilməsi sirlərini məşqçilərimizə aşılayacaqlar.
Xatırladaq ki, seminarda yerli məşqçilərə yalnız “Barselona”nın məşq və oyun üslubu barədə məlumatlar veriləcək. Digər hər hansı bir klubun təcrübəsindən istifadə olunmayacaq.