«Qəbələ» BATE ilə qarşılaşacaq
Xəbərlər / 25 Oktyabr 2014 | 18:36339
Litvanın paytaxtı Vilnüsdə təşkil olunan “Ateitis Cup 2014” beynəlxalq turnirində ikinci oyun gününə yekun vurulub. 2000-ci il təvəllüdlülərdən ibarət komandaların yarışında qrup mərhələsi başa çatıb. Turnirdə çıxış edən “Qəbələ” Futbol Akademiyasının U-15 komandası üçün bu mərhələ uğurlu alınıb.
İlk oyun günündə 3 matçda 6 xal toplayan Mehman Yunusovun başçılıq etdiyi kollektiv qrupdakı son iki görüşündə məğlub olmayıb. Belarus təmsilçiləri ilə qarşılaşan “Qəbələ” “Minsk” ilə isə qolsuz heç-heçə edib, “Orbita”ya 2:1 hesabı ilə qalib gəlib. Qrup mərhələsini 10 xalla başa vuran “qırmızı-qaralar” B qrupunda 2-ci yeri tutub.
Sabah keçiriləcək həlledici oyunlarda “Qəbələ” A qrupunun 2-ci komandası olan Belarus klubu BATE ilə qarşılaşacaq. 3-cü yer uğrunda matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.