“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası bu gün səhər saatlarında IV Vodafone Beynəlxalq Futbol Turnirində iştirak məqsədilə Antalyaya yollanıb. Artıq ənənə halını almış turnirdə bu “qırmızı-qaralar”ın 4-cü iştirakıdır. FİFA bayrağı altında keçirilən Vodafone kubokunda Avropanın tanınmış klubları – “Bavariya”, “Milan”, “Çelsi”, “Vilyarreal”, “Galatasaray”, “Fənərbaxça”, “Beşiktaş” birincilik uğrunda yarışacaqlar. İlkin mərhələdə komandalar 4 kollektivdən ibarət qruplarda mübarizə aparacaqlar. Bu mərhələdə “Qəbələ” “H” qrupunda “Bursaspor”, “Kosova SDC – İFA” və “Kızılcahamamspor”la üz-üzə gələcək. Turnirin aşılış günündə - 31 martda təmsilçimiz iki matç keçirəcək. “Qəbələ” öncə “Bursaspor”, daha sonra isə “Kosova SDC – İFA” ilə münasibətlərinə aydınlıq gətirəcək. Aprelin 1-də isə “qırmızı-qaralar” qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşacaq.
Xatırladaq ki, ilk dəfə 2010-cu ildə iştirak etdiyi turnirdə təmsilçimiz turnirin ən ümidverici komandası seçilmişdi. 2011-ci ildə isə "Qəbələ" turniri 7-ci sırada tamamlamışdı. Ötən il təmsilçimiz nəticəsini bir qədər də yaxşılaşdıraraq yarışı 5-ci pillədə yekunlaşdırmışdı.