Dekabrın 12-dən “Barselona” Futbol Akademiyasının məşqçiləri bilik və bacarıqlarını ölkəmizdə tətbiq etməyə çalışır. Xosep Moratallanın başçılıq etdiyi heyət “Qəbələ”nin aşağı yaş qruplarında çalışan məşqçilərə Kataloniya klubunun nümayiş etdirdiyi futbolun incəliklərini nəzəri və praktiki cəhətdən öyrətməyə çalışır. Qeyd edək ki, İspaniyadan gəlmiş çalışdırıcılar ayın 21-dək Qəbələdə olacaq. 7 il “Barselona”nın mərkəz müdafiəçisi oynamış Moratalladan müsahibə götürməmək qəbahət sayıla bilərdi. Əvvəlcədən 53 yaşlı məşqçidən müsahibə almaq üçün istirahət günü olan dünənə sözləşmişdik. Nəhayət, vaxt yetişdi, dünən ona bizi maraqlandıran suallara cavab tapmağa çalışdım. Ancaq müsahibəyə keçməzdən öncə onu sizlərə qısaca tanıdım. Tam adı Xosep Moratalla Klaramunt olan çalışdırıcı Barselonanın Esparreqera qəsəbəsində anadan olub. Elə futbol karyerasına da doğma “Barselona”da başlayıb. 1981-1988-ci illərdə bu klubun şərəfini 220 oyunda qoruduqdan sonra iki il aşağı dəstə təmsilçisi “Fiqeres”in formasını geyib. Moratallanın uğurları da məhz “Barselona”nın uğurları ilə bağlıdı. Belə ki, 1984/85 mövsümündə İspaniya çempionu olan Xosep 2 dəfə ölkə kuboku, 1 dəfə Superkubok və 2 dəfə Liqa Kubokunu qazanıb (1982-1986-cı illərdə İspaniyada belə bir turnir keçirilib – S.T.). 1982-ci ildə “Nou Kamp”da “Standard”ı 2:1 hesabı ilə yenməklə Kuboklar Kubokunu qazanan Moratallalı “Barselona” 4 il sonra Çempionlar Kubokunun (ÇK) finalında “Styaua”ya oyunsonrası penaltilər sonucunda yenilib.
- Cənab Moratalla, “Qəbələ” ilə əməkdaşlığınız necə baş tutdu? Kim tərəfindən sizə dəvət göndərilmişdi?
- Bu layihə klubun təşəbbüsü əsasında formalaşıb. “Qəbələ” tərəfindən bizə dəvət göndərilmişdi. Şəxsən klub prezidenti Tale Heydərov özü Barselonaya gəlmişdi. “Barselona” Veteran Futbolçuları Assosiasiyasının (VFA) vitse-prezidenti kimi, bu komandanın şərəfini peşəkar şəkildə qoruyan biri kimi klubdan məni bu işə layiq gördülər. Həmin vaxt Tale bəylə görüşüb söhbət etmək imkanımız oldu. Görüşümüz zamanı Heydərov bizə klubunun strategiyasını açıqladı və “Qəbələ”də də “Barselona” oyun üslubunun tətbiq edilməsində maraqlı olduğunu bildirdi. Beləliklə, biz də dəvəti qəbul edərək Qəbələyə gəldik.
- “Qəbələ”nin oyun tərzi daha çox atletik futbola yaxındı. Bilindiyi kimi, fiziki gücə söykənən bu üslub qısa ötürmələrə üstülünlük verən “Barselona” oyun tərzi ilə əks təşkil edir. Belədə sizin üçün qəbələli məşqçilərə total futbolu aşılamaq çətin olmur ki?
- Biz “Qəbələ”nin uşaq məşqçilərinə məşğələlər keçərkən “Barselona”nın oyun üslubunu, hansı formada məşq etdiyini başa salmağa çalışırıq. Əsas odu ki, başda klub prezidenti olmaqla onlar qarşısına məqsəd kimi bu yolu, mənim sabiq komandamın oyun tərzinə yaxın futbol nümayiş etdirməyi qoyub. Düzdü, hazırda “Qəbələ”nin əsas komandasında tamam fərqli üslubda oyun görmək mümkündü. Ancaq tədricən aşağı yaş qruplarından ibarət komandadan böyüklərə kimi hamısı eyni xətt, eyni sistem üzrə məşq edəcək. Biz də bu işdə onlara kömək etmək üçün burdayıq.
- 10 gün “Qəbələ”li məşqçilərə “Barselona” sistemi ilə bağlı fikirlərinizi çatdırıb tətbiq etmək üçün bəs edəcək?
- Təbii ki, bu müddət bunun üçün kifayət etmir. Ancaq bizim əməkdaşlığımız bununla bitməyəcək. Belə ki, fevralın əvvəllərində “Qəbələ”nin bir qrup məşqçi heyəti Barselonaya gələcək. Onlar burda müxtəlif yaş qruplarının necə məşq etməsinin canlı şahidi olacaq. Daha sonra may ayında yenidən bizim bura səfərimiz nəzərdə tutulub. Yəni, bu klubla əməkdaşlığımız hələ davam edəcək. Sadəcə olaraq hazırda biz yerli məşqçilərə ilkin bilikləri aşılamağa çalışırıq.
- Bu əməkdaşlıq çərçivəsində futbolçu mübadiləsi də nəzərdə tutulubmu?
- Təbii ki, bu mümkündü. Ancaq ilk növbədə “Qəbələ”nin bütün komandaları “Barselona”nın oyun üslubunu mənimsəməlidi. Tezliklə bu sistemi tətbiq etməyi bacarsalar, gələcəkdə niyə də bu olmasın?
- Ölkəmizə gələrkən “Qəbələ” haqda məlumatınız vardı? Burda Toni Adamsın işlədiyini bilirdizmi?
- Açığı, sırf “Qəbələ” ilə bağlı məlumatım yox idi. Ancaq ümumi şəkildə ölkənizdə futbolun inkişafda olduğu, burda futbola sərmayə yatırıldığı haqdə xəbərimiz vardı. Geniş şəkildə olmasa da, az-çox bunu eşitmişdik. Bura gəldikdən sonra isə gümanlarımızın səhv olmadığının şahidi olduq. Doğrudan da “Qəbələ”dəki şərait, burda qurulan infrastruktur ölkənizdə futbola necə qayğı göstərildiyini, rəhbərliyin bu idman növünə necə maraq göstərdiyini təsdiqlədi. Bu da bizi yaxşı mənada təəccübləndirdi.
- Toni Adamsın istefasını necə qarşıladız? Halbuki bir qədər tez Qəbələyə gəlsəydiz, “Arsenal”ın dahi futbolçusu ilə görüşmək imkanınız olacaqdı...
- Təbii ki, onunla burda görüşmək bizim üçün çox xoş olardı. Heyf ki, o burda yoxdu. Adamsın dünya səviyyəli müdafiəçi olması hamıya yaxşı məlumdu. Onun futbol karyerası haqda danışmağa ehtiyac yoxdu. Mən də bir sabiq müdafiəçi kimi onu dünyanın ən yaxşı arxa xətt oyunçularından biri kimi görürəm. Açığı, Adamsın istefasının səbəbləri haqda o qədər də bilgiyə sahib deyiləm. Ancaq qeyd etdiyim kimi onunla görüşmək maraqlı olardı. Ən azından Adamsla Azərbaycan futbolu haqda söhbət etmək imkanımız yaranacaqdı. Həqiqətən onun bu haqda düşüncələrini öyrənmək maraqlı idi. Ancaq təəssüf ki, Adams artıq “Qəbələ”də çalışmır.
- Ölkəmizdə olduğunuz müddətdə çempionat oyunlarından hər hansı birini izləmisiz?
- Biz ayın 11-də artıq Qəbələdə idik. Həmin gün klub rəhbərliyi ilə birgə “Qəbələ” – “İnter” oyununu izləmişik (Moratalya bu yerdə “Barselona” – “Santos” oyununun hansı telekanal tərəfindən göstərildiyini bizdən xəbər alır, bəndəniz isə telekanallarımızdan heç birinin bu matçı verməyəcəyini bildirir).
- Bu oyun haqda düşüncələrinizi bilmək maraqlı olardı.
- Bərabər səviyyəli oyun keçdi. Fərqli sistemdə mübarizə aparan iki komandanın qarşılaşması idi. Topa daha çox sahib olan tərəf “İnter” idi. Ona görə də az-çox “Barselona”nın oyun üslubuna bənzər futbol nümayiş etdirən tərəf kimi qonaq komandanın adını çəkə bilərəm. Ancaq “Qəbələ” bizim sistemin əksinə olan bir oyun meydanda göstərdi. Bununla belə, bu klub da artıq bu yöndə ilk addımlarını atmağa başlayıb. Onlar da yəqin ki müəyyən müddətdən sonra belə oynamağa başlayacaq.
- Bu yaxınlarda Xristo Stoiçkov adına Akademiyanın nümayəndələri Tovuzda səfərdə olub. Onlar “Turan”ın 11 futbolçusunu bəyənərək “Barselona”da futbol təhsili almağa dəvət edib. Bu haqda xəbəriniz vardı?
- Açığı, bundan xəbərim yox idi. “Barselona” ilə müqavilələri olan belə akademiyalar çoxdu. Məsələn, Stoiçkovunku Bolqarıstanda, Samuel Etoo adına Akademiya isə Kamerunda fəaliyyət göstərir. Belələri dolayı yolla “Barselona” məktəbinə aiddi. Onların birbaşa “Barselona”ya dəxli yoxdu. Ola bilər ki, bu klub adından futbolçu gətirsinlər, ancaq bu belə deyil. Nə vaxt gəlmişdilər ki?
- Həmin akademiyanın texniki direktoru Antonio Sançes Munyos və Loze Luis Vilyar Berenqe oktyabrın 30-dan noyabrın 1-dək ölkəmizdə seleksiya işi aparıb.
- Həə... Antonio Sançes Munyosu tanıyıram. Onlar doğrudan da Stoiçkov məktəbi üçün çalışır.
- Sizin sözünüzlə bu akademiya Barselonada yerləşmir?
- Yox, bu məktəbin İspaniyaya heç bir aidiyyatı yoxdu. Ümumiyyətlə, bu akademiyanı “Barselona”ya heç nə bağlamır.
- Mario Rosas adı sizə nə deyir?
- Əlbəttə ki, onu tanıyıram. Sizcə, “Barselona”nın şərəfini qorumuş futbolçunu tanımamış olaram?
- Onun burda “Xəzər Lənkəran”ın formasını geydiyini bilirdiz?
- Marionu futbolçu kimi tanısam da, onun ölkənizdə oynadığından xəbərim yox idi.
- İspaniyanın millimizlə Bakıda keçirdiyi yoldaşlıq görüşünü televiziya vasitəsilə izləmişdiz?
- “Barselona” Akademiyasının direktoru olduğumdan, çox vaxt səfərlərdə oluram. Ona görə də bəzən İspaniya yığmasının belə yoldaşlıq oyunlarını izləyə bilmirəm. Görünür, bu matç da səfərlərimdən birinə təsadüf edib. Eyni zamanda Azərbaycana təyyarə ilə gəldiyimdən, “Real” – “Barselona” kimi El Klassikonu qaçırmışam. Yeri gəlmişkən, burdan sonra növbəti səfərim Hindistanadı.
- Burda olduğunuz müddətdə xoşunuza gələn və gəlməyən hansı məqamlar oldu?
- Təşkilati baxımdan burda hər şey doğrudan da yüksək səviyyədə qurulub. Ancaq çatışmazlıqlar da var. Klublar inkişaf edirsə, gərək federasiya da onların tələbatını ödəməlidi. Federasiya yerində saymamalıdı. Bütün bunlar nizamlı şəkildə həyata keçirilməlidi. “Qəbələ”nin aşağı yaş qruplarından ibarət komandaların oyunlarını izlədik. Futbolçuların daim topla hərəkətdə olması müabət haldı. Ancaq müdafiə və hücum konsepsiyalarını da təkmilləşdirmək lazımdı. Təbii ki, bu çatışmazlıqları aradan qaldırmaq üçün biz yerli məşqçilərə biliklərimizi öyrətməyə çalışacağıq. “Qəbələ” böyük futbol ənənələrinə malik deyil. Belə davam edərlərsə, qısa müddətdə nəyəsə nail ola bilərlər.
- Bir qədər də sizin karyeranız haqda danışaq. İspaniyanın milli radiosu RNE-də şərhçilik etdiyinizi bilirik. Hazırda da bu fəaliyyətinizi davam etdirirsiz?
- 6 il qeyd etdiyiniz radioda millinin və İspaniya çempionatının oyunlarını şərh etmişəm. Hazırda isə həm “Barselona”, həm də Avropa VFA-da çalışdığımdan, vaxtım azdı. Ona görə də İspaniya telekanallarından birində katalonca “Barselona”nın yalnız Çempionlar Liqasında keçirdiyi oyunları şərh etməklə məşğulam.
- 7il “Barselona”nın şərəfini qoruduqdan sonra ikinci dəstədə çıxış etmənizin səbəbi nə idi?
- Şəxsi biznesimə, evimə yaxınlığına görə 1988-ci ildə “Fiqeres”ə keçdim. Bu klub da Kataloniyanə təmsil edir. Evimdən bazaya 2 saatlıq yol idi. Ancaq həmin vaxt “Barselona”da məşqçim olmuş Terri Veneybls məni çalışdırdığı “Tottenhem”ə çağırırdı. İndi onun təklifini dəvət etmədiyimə görə peşmanam.
- 1986-cı ildə ÇK-nın finalında “Styaua” ilə qolsuz bərabərliyə qaldız. Siz isə meydana 85-ci dəqiqədə Bernd Şusteri əvəzləməklə daxil olduz. Gözləmək olardı ki, Veneybls bir müdafiəçini son dəqiqələrdə yalnız penalti vuruşuna görə meydana buraxıb. Ancaq siz nöqtəyə heç yaxınlaşmadız...
- O vaxt mənim adım ikinci siyahıda idi. Sonradan avtomobil qəzasında vəfat etmiş qapıçımız Urruti 2 penalti zərbəsini dəf etsə də, bizim 4 futbolçumuzun zərbəsini rəqib qolkiper Helmut Dukadam (final Sevilyada keçirildiyi üçün bu qapıçıya “Sevilya qəhrəmanı” adı verilib – S.T.) qaytarmağı bacardı. Ona görə də heç mənə növbə çatmadı.
- Karyeranızı bitirdiyiniz vaxt Xosep Qvardiola “Barselona”nın B komandasında oynayırdı. Həmin vaxt məşqçiliyə başlamağı düşünən bir şəxs kimi Pepin nə vaxtsa belə güclü çalışdırıcı ola biləcəyini təxmin edə bilərdiz?
- Həmin ÇK-nın yarımfinalında “Göteborq”a İsveçdə 0:3 uduzmuşduq. Ancaq “Nou Kamp”da biz eyni hesabla qalib gəldik. Penaltilər seriyasında da üstün tərəf biz olduq. Həmin görüntülər indi də var. O vaxt Qvardiola top daşıyan uşaq idi. Görüntülərdə oyundan sonra onun qaçıb bizləri necə qucaqlaması açıq-aşkar görünür. Ancaq gələcəkdə yaxşı məşqçi olacağını əvvəlcədən necə bilərdim? Futbolçu kimi isə hələ B komandasında olarkən istedadlı oyunçu olduğu deyilirdi.
SƏBUHİ TOFİQOĞLU