“Qəbələ” Çempion!!!
Xəbərlər / 18 Yanvar 2012 | 20:00696
“Qəbələ” Çempion!!!

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası “Riga Open Cup 2012”nin qalibi olub.  Yanvarın 18-i turnirin son oyununda “Riga FC” ilə qarşılaşan “Qəbələ” “rəqibin daşını daş üstə qoymayıb”: 11-1. Bu darmadağından sonra xal hesabını 13-ə çatdiran  təmsilçimiz çempionluq kubokunu başı üzərinə qaldırıb. Komandamıza kuboku  Avro-2004-də Latviya milli komandasının kapitanlıq sarğısını daşıyan Mixail  Zemlinski təqdim edib.

 Həlledici matçda Fərid Nəbiyev (3), Cavidan Qasımlı (3), Elvin İmanlı (2), Əli Məzahirli, Faiq Hacıyev, Murad Qayalı fərqlənib.  Turniri “Dinamo”  10 xalla ikinci, “Super Nova” isə 7 xalla 3-cü yerdə yekunlaşdırıb. “Riga Open Cup 2012”nin ən yaxşı oyunçusu yekdilliklə Cavidan Qasımlı seçilib. Turnirin ən sərrast futbolçusu nominasiyasının qalibi də “Qəbələ”nin heyətində yer alıb. Bu rəqibləri 8 dəfə məyus edən Elvin İmanlıdır.

Final matçından sonra U-13-ün baş məşqçisi Recep Yazıcı fikirlərini gabalafc.az-la bölüşüb:  “İlk dəfə akademiyamızın komandası beynəlxalq turnirdə birinci yeri tutdu. Qalib gəlmək hər zaman çox gözəldir, xüsusilə 5 yerli komandanın əlindən kuboku alıb Azərbaycana gətirmək, doğma bayrağımızı xarici ölkədə dalğalandırmaq qürurverici hadisədir. Klub, akademiya rəhbərliyini və futbolçuları təbrik edirəm. Bu qrupun məşqçisi Sərdar Qafarovu xüsusi qeyd etmək istəyirəm. Çünki komandamız təsadüfi qollar vuraraq qalib gəlmədi. Hər kəsi bizi alqışlamağa məcbur etdik. Təbii ki, bu cür oyun göstərmək üçün durmadan çalışmaq, məşq etmək lazımdır. Bizim komandamız bu çətin məşq proseslərindən sonra bu səviyyədə oyun sərgiləyir. Təbii ki qələbə xoşdur, amma bizi sevindirən əsas məqam da məhz ağıllı futbol oynamağımızdır. Ümid edirəm ki, kuboklarımızın, qələbələrimizin, uğurlarımızın davamı gələcək və bir neçə il sonra bu komandada çıxış edən futbolçular milli komandamızın və “Qəbələ”nin əsas heyətinin şərəfini qoruyacaqlar. Bu uğur bizim doğru yolla irəlilədiyimizin növbəti sübutudur”.