Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qrup mərhələsinin ilk iki turunun oyunları keçirilib. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası I turda yerli “Dinamo” ilə qarşılaşıb. Cümə Hüseynovun qol vurduğu matçda Tbilisi təmsilçisi qalib gəlib – 3:1.
II turda “Qəbələ” Gürcüstanın digər komandası “Saburtalo” ilə görüşüb. Futbolçularımız bu dəfə meydandan böyükhesablı qələbə ilə ayrılıblar – 4:0. Həsən Nəzərlinin dubla imza atdığı matçda Ziya Şəkərxanov və İlkin Budaqov hərəyə 1 qol vurub.
Namiq Əliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsinin iki turundan sonra 3 xala malikdir. “Qəbələ” sabah keçiriləcək son turda daha bir Gürcüstan təmsilçisi “Telavi” ilə qarşılaşacaq.