“Qəbələ” Futbol Akademiyasının məşqçi heyəti nəzəri və praktiki biliklərinin artırılması məqsədilə daha bir işgüzar səfər gerçəkləşdirəcək. Akademiyamızın nümayəndə heyəti martın 12-dən 17-dək Fransanın “Lion” klubunun qonağı olacaq. Nümayəndə heyətinin tərkibinə “Qəbələ” Furtbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard və onun müavini Nail Kərimov, eləcə də akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov (U-17), Zaur Hacıyev (U-16), Hüseynqylu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) daxil ediliblər. Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan “Lion” klubunun fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaqdır. Yeri gəlmişkən, klubun rəsmən adı “Olimpik” olsa da, yerli futbolsevərlər bu komandanı daha çox “Lion” kimi tanıyırlar.
Səfər proqramı “Qəbələ” məşqçilərinin işgüzar gəzintisinin maraqlı və faydalı olacağını vəd edir. Belə ki, nümayəndələrimiz səfər zamanı Lion klubunun futbol akademiyasının fəaliyyəti ilə tanış olacaq, müxtəlif yaş qruplarının məşqlərini izləyəcək və yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Bundan başqa nümayəndələrimiz Fransa klubunun əsas komandasının 2 matçını canlı izləyəcəklər. onlar Fransa çempionatının “Lion” – “Monako” oyununu, habelə Avropa Liqası turniri çərçivəsində “Lion” - “Viktoriya” (Plzen,Çexiya) matçına yerli arenada tamaşa edəcəklər. Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı 5 klub sırasındadır. “Lion”nun futbol akademiyası Avropa ölklərinə peşəkar futbolçu ixracına görə “Barselona”dan sonra ikinci sıradadır. Dəfələrlə Fransa çempionatının qalibi olmuş və ölkə kubokunu qazanmış “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasıının yetirmələrindən təşkil olunub. Bu baxımdan Avropanın ən öncül akademiyasında olmaq, burada görülən işlərlə yaxından tanış olmaq “Qəbələ”li mütəxəssilər üçün çox faydalı olacaq.