Bu gün Azərbaycan milli komandalarının heyətləri açıqlanıb. Əsas, U-21, U-19 və U-17 yığmalarına çağırılan futbolçular arasında “Qəbələ”nin üzvləri də yer alıblar. Belə ki, klubumuzun 18 oyunçusu qarşıdakı təlim-məşq toplanışlarında millilərin düşərgəsində olacaqlar.
Onlardan üçü əsas yığmaya çağırılıblar. Bunlar Ruslan Qurbanov, Ürfan Abbasov, Asif Məmmədovdur. Təmsilçilərimizin yer aldığı əsas millimiz mart 15-24-də Bakıda, 25-28-də isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını keçirəcək. Komandamız martın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Hacıağa Hacılı, Qismət Alıyev və Murad Popov isə martın 22-də səfərdə Kosovo, martın 27-də isə İrlandiya ilə AVRO-2019-un seçmə oyununu keçirəcək U-21-in hazırlığına çağırılıblar. Yığmamız qarşılaşmalardan öncə - martın 15-dən 19-dək Bakıda təlim-məşq toplanışı gerçəkləşdirəcək.
Əmrah Zülfüqarlı, Rüstəm Nuriyev, Kamran Quliyev, Əli Mürsəlov və Samir Qurbanov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının martın 16-dan 26-dək Bakıda keçiriləcək toplanışına dəvət alıblar. Lakin Qurbanov martın 15-dən 19-na qədər U-21-in düşərgəsində olacaq, ayın 19-dan etibarən U-19-un düşərgəsinə yollanacaq.
Çingiz Məmmədov, Nika Baçaliaşvili, Rauf Məhərrəmov, Rüfət Əhmədov, Samir Məhərrəmli, Veysəl Rzayev və Vüsal Şabanov isə U-17-nin hazırlığında iştirak edəcəklər. Yığmamız martın 18-dən 23-dək Türkiyənin Antalya şəhərində toplanışda olacaq.