«Qəbələ» qızılı penaltilərlə qaçırdı, vətənə gümüşlə dönür
Xəbərlər / 17 Mart 2013 | 15:02509
«Qəbələ» qızılı penaltilərlə qaçırdı, vətənə gümüşlə dönür

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçular arasında keçirilən beynəlxalq turnirə bu gün baş tutan matçlarla yekun vurulub. Daha öncə keçirdiyi 4 matçda qalib gələrək finala vəsiqə qazanan "Qəbələ" həlledici oyunda Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə qarşılaşıb. Qrup mərhələsində üz-üzə gələn komandaların ilk duelindən "Qəbələ" qalib ayrılmışdı - 2:1.
Final matçına tərəflər kəşfiyyat xarakterli hücumlarla start veriblər. İlk yarı ərzində hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab açılmayıb. İkinci hissə də eyni ssenari üzrə davam edib. Matçına sonlarında "Qəbələ" bir neçə əlverişli imkan yaxalasa da, şansdan yararlana bilməyib və matç başladığı hesabla sona çatıb. Qalibi müəyyənləşdirmək üçün birbaşa penalti vuruşlarına keçilib. Penalti vuruşlarını daha dəqiq yerinə yetirən ukraynalılar 4:2 hesabilə qalib gəliblər və qızıl medallara sahib olublar.
Final matçının ardından turnirin mükafatçılarının və müxtəlif nominasiyalar üzrə qaliblərinin təltifetmə mərasimi baş tutub. İkincilik kuboku və gümüş medallara sahib çıxan futbolçularımız daha iki nominasiyanın da qalibi olublar. Komandamızın üzvü Coşqun Sülüymanov "ən yaxşı hücumçu", Süleyman Süleymanov isə "ən yaxşı qapıçı" mükafatlarına sahib çıxıb.