Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını uğurla davam etdirən "Qəbələ" bu gün yarımfinal oyununa çıxıb. Turnirə ev sahibliyi edən "Şerif"li həmyaşıdları ilə qarşılaşan təmsilçimiz qələbə seriyasını davam etdirib və finala adlayıb.
Matç "Qəbələ"nin sürətli hücumları ilə start götürüb. Bütün xətlərdə üstünlüyü ələ keçirən Hüseynqulu Quliyevin yetirmələri artıq 3-cü dəqiqədə hesabı açıblar. Coşqun Süleymanov əlinə düşən şansdan maksimum yararlanıb - 1:0. Hücumlarını səngitməyən "qırmızı-qaralar" 8 dəqiqə sonra meydan sahiblərini bir daha mərkəzə dəvət ediblər. Coşqun Süleymanov dublunu rəsmiləşdirib - 2:0. İlk hissənin qalan dəqiqələrində təmsilçimiz rəqibin qapısı önündə
bir neçə əlverişli vəziyyət yaratsa da, komandalar fasiləyə 2:0 hesabilə yollanıblar.
Fasilədən sonra da ssenarı dəyişməyib. "Şerif"i ardıcıl olaraq bir neçə epizodda əks-hücumda yaxalayan "Qəbələ" hesabı artırmağa yaxın olsa da, hissənin ilk 25 dəqiqəsində fərq dəyişməyib. Matçın 60-cı dəqiqəsi də yaddaqalan alınıb. Oyunun hakimi qapımıza penalti təyin etsə də, qolkiper Süleyman Süleymanov gözəl reaksiya ilə topa keçid verməyib. 2 dəqiqə sonra isə "Şerif" yenidən cəzalandırılıb. Fərid Nəbiyev dəqiq zərbə ilə hesabı 3:0 çatdırıb və matçın nəticəsini müəyyənləşdirib. Bununla da komandamız ardıcıl 4-cü matçında da qalib gələrək finala vəsiqə qazanıb. "Qəbələ" sabah final qarşılaşmasında Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Xatıqladaq ki, "qırmızı-qaralar" UGİM-lə qrup mərhələsində üz-üzə gəlmiş və dramatik matçda 2:1 hesablı qələbə qazanmışdı.