«Qəbələ» U-19 Liqasının ilk qalibi oldu
Xəbərlər / 7 May 2013 | 15:20435
«Qəbələ» U-19 Liqasının ilk qalibi oldu

Bu mövsüm 19 yaşa qədər futbolçular arasında ilki keçirilən U-19 Liqasının qalibi müəyyənləşib. Finala qədər uğurla irəliləyən “Qəbələ” U-19 Liqasının ilk qalibi kimi tarixə düşüb. Qızıl medallar uğrunda matçda “Qəbələ” “Qarabağ”la üz-üzə gəlib. “Qırmızı-qaralar” həlledici matçda aşağıdakı heyətlə mübarizə aparıb:

57. Əli Həsənli
39. Sadiq Quliyev
49. İbrahim Aslanlı 
33. Elvin Camalov 
32. Qismət Alıyev (50. Həsi Hümbətli)
43. Əsgər Nəbiyev 
55. Tərlan Əhmədov (10. Əli Səmədov)
24. Elnur Mustafazadə (41. Nurlan Salahov)
66. Fərid Hacıyev (27. Hümbət Cəfərov)
77. Ehtiram Şahverdiyev (17. Sirac Quliyev)
29. Tellur Mütəllimov

Məşqçi: Elnur Çodarov

Matç ilk dəqiqələrdən “Qəbələ”nin üstünlüyü ilə start götürdü. Biraz irəli gedib oyun boyunca “Qarabağ”ın hər hansı bir yaddaqalan hücum reallaşdırmadığını söyləyə bilərik. “Qırmızı-qaralar”ın hücumları 8-ci dəqiqədə öz bəhrəsini verdi. Ehtiram Şahverdiyev çoxgedişli kombinasiyanı dəqiq zərbə ilə tamamladı – 1:0. 10 dəqiqə sonra “Qəbələ” hesabı artırmaq şansından yararlana bilmədi. Qismət Alıyevə qarşı cərimə meydançası daxilində kobudluq rəqib qapısına penalti təyin edilməsi ilə nəticələndi. Topa yaxınlaşan Sadiq Quliyevin zərbəsini qapıçı zərərsizləşdirdi. İlk hissə ərzində “Qəbələ”nin bir neçə fərqlənmək imkanı olsa da, həlledici zərbələrin qeyri dəqiqliyi hesabın böyüməsinə imkan vermədi.

İkinci hissə də eyni ssenari üzrə davam etdi. “Qəbələ” hücum edən, “Qarabağ” müdafiə olunan tərəf idi. “Qırmızı-qaralar”ın təzyiqi 65-ci dəqiqədə hesabın artması ilə nəticləndi. Fərid Hacıyev adını tabloya yazdırdı. Növbəti qolu 6 dəqiqə gözləmək lazım gəldi. Tellur Mütəllimov Ağdam təmsilçisini 3-cü dəfə meydançanın mərkəzinə dəvət etdi. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev dublunu rəsmiləşdirdi – 4:0. Bu da matçda vurulan son qol olmadı. Oyuna yenicə daxil olmuş Həsi Hümbətli matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə hesab arasındakı fərqi 5-ə çatdırdı və matçda son nöqtəni qoydu.

Beləliklə, “Qəbələ” ilk dəfə keçirilən U-19 Liqasının final oyununda böyükhesablı qələbə ilə kuboka sahib çıxdı.
Matçdan sonra qaliblərin müküfatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov təqdim ediblər. “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov U-19 Liqasının  “ən yaxşı futbolçu” nominasıyası üzrə qalibi olub.