İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda 1/8 və 1/4 final mərhələsinin oyunları baş tutub. Qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmada qalib gələn “Qəbələ”nin U-13 komandası bu iki səddi də uğurla adlayıb.
“Qırmızı-qaralar” 1/8 finalda Xorvatiyanın “Hayduk” klubunu mübarizədən kənarlaşdırıb. Oyunun gedişində Split təmsilçisi 2:0 hesabı ilə önə keçsə də, komandamız əzmkar qələbə qazanmağı bacarıb – 3:2. “Qəbələ”nin heyətində Elmir Hüseynli, Okan Təhməzli və Şahin Şahniyarov fərqlənib. “Qırmızı-qaralar” daha bir qol vurmaq imkanı qazansalar da, penaltidən dəqiq istifadə olunmayıb.
“Qəbələ” 1/4 finalda İsveçrənin “Mendrisiotto Selection” komandası ilə görüşüb. Komandamız bu dəfə 5:1 hesablı qələbə qazanıb. “Qırmızı-qaralar”ın qollarını Murad Ələkbərov (2), Sadiq Şəfiyev, Elmir Hüseynli, Hüseynağa Səlimov vurub. “Qəbələ” bu gün Bakı vaxtı ilə 22:30-da başlayacaq yarımfinal oyununda İngiltərənin “Uimbldon” komandası ilə qarşılaşacaq. Digər finalçı isə İtaliya “Udineze”si ilə Sloveniya “Bravo”su arasında görüşdə müəyyənləşəcək.
Xatırladaq ki, “Qəbələ” qrupda Bolqarıstanın “Sofiya Sport B” komandasına 14:0, İtaliya təmsilçiləri “Liventina”ya 11:0, “Ankona”ya 3:1 hesabı ilə qalib gəlib.