Gürcüstan futbolunun flaqmanı Tbilisi “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandası sabah təlim-məşq məqsədilə Qəbələyə səfər edəcək. 4 günlük səfər müddətində qonşu ölkə təmsilçisi “Qəbələ”li həmyaşıdları ilə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qarşılaşmalar noyabrın 22-i və 24-ü saat 11:00-da baş tutacaq.
“Qəbələ” Futbol Klubunun təşəbbüsü ilə reallaşacaq səfərin məqsədi ölkə çempionatında uğurlu çıxışını davam etdirən U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, futbol ənənələri, uğurları və yetişdirdiyi futbolçularla diqqət çəkən Tbilisi “Dinamo”sunun akademiyası Qafqazın ən yaxşı uşaq futbol məktəbi hesab olunur.