“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. “Qırmızı-qaralar” iyunun 7-dən 10-dək Macarıstanda keçiriləcək Qallini Dünya Kubokunda qüvvəsini sınayacaq. Komandamız Budapeştdə təşkil olunan yarışa sabah yola düşəcək. Rakif Əliyevin baş məşqçisi olduğu heyətdə 18 futbolçu yer alıb. Bunlar Zaur Sultanov, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Orxan Səlimov, Ülvi Mədətov, Kamal Kazımov, Anar Tağıyev, Gülağa Əsədov, Mehrac Baxşəliyev, Ümid Həmzəyev, Kamil Nəzirli, Xəyal Səmədov, Kənan Qaragözov, Asif Məmmədov, Rəşad Əmrahov, Tofiq Vahabov və Taleh Qarayevdir. “Qəbələ” B qrupunda Macarıstanın “Dinamo Star” və İtaliyanın “Venetsiya” klubları ilə mübarizə aparacaq. İyunun 8-də keçiriləcək ilk oyunda futbolçularımız macarıstanlı həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün “qırmızı-qaralar” Apennin təmsilçisi ilə görüşəcək. Qrup oyunlarının nəticələrinə əsasən, komandamız iyunun 9-10-da daha 3 matça çıxacaq.