“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu olub. “Qırmızı-qaralar” Gənclər Liqasının sonuna bir tur qalmış qızıl medalları təmin edib. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda çempionluğu “Turan Tovuz”la səfər görüşündə rəsmiləşdirib.
2:0 hesabı ilə qalib gələn “Qəbələ” izləyiciləri üçün əlçatmaz olub. “Şamaxı” ilə son matç ərəfəsində 5 xallıq üstünlüyə malik komandamız bununla da UEFA Gənclər Liqasında oynamaq hüququ qazanıb.
“Qırmızı-qaralar” ardıcıl 6-cı, son 8 ildə 7-ci dəfə yarışın qalibi olub. Ümumilikdə isə “Qəbələ” Gənclər Liqasının 8 qat çempionudur. Komandamız 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20, 2020/21, 2021/22 və 2022/23 mövsümlərində də qızıl medallara sahib çıxıb.