“Qəbələ”nin U-19 komandası 2024/25 mövsümündə son oyununu keçirib. “Qırmızı-qaralar” son turda “Sabah”ın qonağı olub.
Bu matça qədər gümüş medal qazanacağı rəsmiləşən “Qəbələ” mövsümün son görüşündə 5:1 hesablı qələbə qazanıb. Komandamız 36 oyunda 81 xal toplayıb.
“ASK Arena”da təşkil edilən matçdan sonra mükafatlandırma mərasimi keçirilib. 2-ci pillənin sahibi “Qəbələ” gümüş medallarla təltif olunub.
“Qəbələ”nin futbolçusu Rəvan Əsədov yarışın bombardiri adını qazanıb. Son turda pokerə imza ataraq ümumi qol sayını 45-ə çatdıran və bombardirlər yarışında birinci pilləyə yüksələn futbolçumuz ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub.
Bu, akademiyanın mövsümdə ikinci medalı olub. “Qəbələ” U-15 Liqasında bürünc mükafata sahib çıxıb. “Qırmızı-qaralar” 3-cü yer uğrunda oyunda “Neftçi” ilə qarşılaşıb. 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” mövsümü bürünc mükafatla başa vurub.