10-cu dəfə ölkə xaricinə
“Qəbələ” sabah qış fasiləsindəki hazırlığın 2-ci mərhələsinə qədəm qoyacaq. İlkin mərhələni Mingəçevirdə keçirən komanda bunun üçün qonşu Türkiyəyə yollanacaq. Fevralın 2-dək Antalyada hazırlıq keçəcək Ramiz Məmmədovun yetirmələri üçün bu məkan kifayət qədər tanışdır.
Belə ki, klub tarixində 8-ci dəfə Antalyada toplanış keçəcək. İlk belə səfəri 2006-cı ilin yayına təsadüf edən komanda güclülər dəstəsində debütünə qonşu ölkədə hazırlaşmışdı. Növbəti belə toplanışı 2 il gözləmək lazım gəldi. 2008-ci ilin yayında da Türkiyədə toplanış keçən “Qəbələ” istisnalar olmaqla hər fasilədə Türkiyəyə yollanıb.
İstisnalar isə yayda - mövsümlərarası fasilələrdə olub. 2009/10 mövsümü ərəfəsində də Antalyada hazırlıq keçən komandanın qış fasilələrində dəyişməz ünvanı məhz bu məkandır. 2009-cu ilin yanvarından başlayaraq hər ilin əvvəli “Qəbələ” bu bölgəyə yollanır. Ardıcıl 5-ci dəfə Antalyada keçiriləcək qış hazırlıqlarına kimi komanda 4 dəfə yanvar, 3 dəfə iyulda Türkiyəyə üz tutub. Daha 2 toplanışın İngiltərə və Sloveniyada gerçəkləşdiyini nəzərə alsaq indiki səfər “Qəbələ”nin ölkə xaricində 10-cu hazırlıq prosesidir.
“Qəbələ” indiyədək Antalyada 30 oyun keçirib. Bunların 28-i beynəlxalq oyun, 2-si isə “Neftçi” ilə qonşu ölkədəki matçlar olub. Əcnəbilərlə matçlarda 13 qələbə və 5 heç-heçəsi olan komanda 10 dəfə uduzub. Top fərqində isə 41:31-lik üstünlük var. “Neftçi” ilə matçlar isə qələbəsiz bitib - 1:1 və 0:2.
Türkiyədən başqa Sloveniya və İngiltərədə də toplanışda olan “Qəbələ” ölkə xaricindəki hazırlıqlarda 40 matç keçirib. Bu matçlardan 2-nin “Neftçi” ilə olduğunu, əvəzində Qəbələdə 2 beynəlxalq görüşün keçirildiyini nəzərə alsaq xarici klublarla oyunların da sayı 40-a bərabərdir.
Xatırladaq ki, "Qəbələ" səfər müddətində yanvarın 22-i, 25-i, 28-i və fevralın 1-də olmaqla 4 yoxlama oyununda qüvvəsini sınayacaq.