10 oyun sonra -10-cu qolu vuran 10-cu
Xəbərlər / 23 Oktyabr 2012 | 06:24366
10 oyun sonra -10-cu qolu vuran 10-cu

“Qəbələ” Topaz Premyer Liqasının IX turunda da heç-heçə etdi. “Xəzər Lənkəran”la səfərdəki 1:1 hesablı bərabərlik komandanın ardıcıl 3-cü heç-heçəsi oldu. Ramiz Məmmədovun baş məşqçi təyin olunmasından sonra bütün matçlarında bərabərliyə nail olan “Qəbələ” səfərdə iki dəfə 1:1, evdə 0:0 edib.

Bu, klub tarixində 3-cü belə hadisədir ki, komanda 3 heç-heçəni sıralayır. 2005/06 mövsümündə hələ 1-ci dəstədə oynadığı vaxt 2 çempionat və kubok görüşündə “Qəbələ” 3 heç-heçə etmişdi. 2009/10 mövsümündə isə elə Ramiz Məmmədovun rəhbərliyi altında 3 Premyer Liqa görüşü 1:1 hesabı ilə nəticələnmişdi.

- “Qəbələ” klub tarixində 60-cı dəfə meydanı heç-heçə ilə tərk etdi. İndiyədək 241 matç keçirən komandanın hesabında 103 qələbə və 78 məğlubiyyət də var.
- Klub tarixində 120-ci səfər matçını keçirdi. Bu qarşılaşmalarda 39 qələbəsi olan “Qəbələ” 32 heç-heçə edib və 49 dəfə uduzub. Top fərqi 133-152-dir.
- Premyer Liqada 25-ci səfər heç-heçəsini edən “Qəbələ” rəqib meydanlarında 90-cı qolunu vurdu. Səfərdə baş tutan 91 çempionat oyununda 25 qələbə və 41 məğlubiyyəti olan komanda 125 top buraxıb.
- Ramiz Məmmədovun rəhbərliyi altında 103-cü çempionat matçına çıxan komanda 25-ci heç-heçəsini etdi.
- Viktor Mendi “Qəbələ”də 40-cı oyununu keçirdi. O, bu səddi arxada qoyan 31-ci futbolçu oldu.
- Yannik Kamanan 25-ci matçına çıxdı. O, ən azı bu qədər qarşılaşmaya çıxan 50-ci oyunçu oldu.
- Kamanan cari mövsümdə ilk qolunu vurdu. O, sonuncu dəfə ötən mövsümün 30-cu turunda – aprelin 29-da “Bakı” ilə ev qarşılaşmasında qol vurmuşdu. Kamanan ötən mövsümün son 2 və cari çempionatın ilk 8 qarşılaşmasında 10 matçlıq “sükutu”nu pozdu. O, 175 gündən sonra fərqləndi. Maraqlıdır ki, ötən tur digər hücumçu Viktor Mendi 152 günlük uğursuz seriyaya son qoymuşdu.
- Elə Mendi kimi Kamanan da qol həsrətini bitirməklə  “Qəbələ”də 10-cu topunu vurdu. O, ən azı 10 qol vuran 10-cu futbolçu kimi tarixə düşdü: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hərəsi 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Paulo Hilario, Viktor Mendi, Yannik Kamanan – hərəsi 10.
- Bütün qollarını çempionatda vuran Yannik komandanın Premyer Liqada 4-cü bombardiridir: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hərəsi 11, Yannik Kamanan – 10.
- Bruno da Silva Premyer Liqada 50-ci dəfə “Qəbələ”nin şərəfini qorudu. O, buna nail olan 13-cü futbolçudur: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hərəsi 60, Milan Antiç – 54, Azər Həşimov – 53, Kristian Torres – 52, Nodar Məmmədov, Yaşar Abuzərov – hərəsi 51, Bruno da Silva, Stiv Olfers – hərəsi 50.
- Luiz Hilario Premyer Liqada 40-cı, Ürfan Abbasov 20-ci dəfə “Qəbələ” formasında meydana çıxdı.
- Bu matçda “Qəbələ”nin qapısına təyin olunan penalti klub tarixində 18-ci belə cəza oldu. Bu zərbələrdən 14-ü qolla nəticələnib. Premyer Liqa matçlarında isə rəqiblər 14 zərbədən 11-dən istifadə ediblər.