14-cü start, 60-cı oyun, 18-ci rəqib
Xəbərlər / 13 Dekabr 2018 | 20:54216
14-cü start, 60-cı oyun, 18-ci rəqib

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Yarışa bu raunddan başlayan “Qəbələ” kubokda 2018/19 mövsümünə start verəcək. “Qırmızı-qaralar” “Sabah”la ilk oyununu dekabrın 16-da evdə, cavab görüşünü 4 gün sonra səfərdə keçirəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşma ilə komandamız ölkə kubokunda özünün 14-cü mövsümünə start verəcək. Əvvəlki 13 cəhddə “Qəbələ” 59 oyun keçirib. Yubiley – 60-cı matçına çıxacaq “qırmızı-qaralar” indiyədək 30 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 12 dəfə uduzub. Turnirdə 101 qol vuran komandamız 51 top buraxıb.

“Qəbələ” indiyədək “Sabah”la yalnız Topaz Premyer Liqasında görüşüb. Paytaxt təmsilçisi “qırmızı-qaralar”ın kubokdakı 18-ci rəqibi olacaq. Komandamız əvvəlki 13 mövsümdə 17 rəqiblə üz-üzə gəlib.

Yarışda 2005/2006 mövsümündə debüt edən komandamız indiyədək 3 dəfə finalda (2013/2014, 2016/17, 2017/18), 3 dəfə də yarımfinalda (2007/2008, 2008/2009, 2015/16) uduzub. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran “Qəbələ” yalnız 3 dəfə (2005/2006, 2006/2007 və 2009/2010) 1/8 final səddini adlaya bilməyib. 

Əvvəlki 59 qarşılaşmada “Qəbələ”nin heyətində 183 futbolçu meydana çıxıb. Onlar arasında rekordçu Ürfan Abbasovdur – 23 oyun. Samir Zərgərov 18, Vojislav Stankoviç 16 kubok matçına çıxıb.

Kubokda vurulan 101 qola 53 futbolçu imza atıb. Daha bir top rəqib avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimov 7, Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib.