Bu həftə Azərbaycan kubokunda 2021/22 mövsümünə start veriləcək. 1/8 final mərhələsinin oyunları iki günü əhatə edəcək. “Qəbələ” ilk oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” I divizion təmsilçisi MOİK-lə qarşılaşacaq. Komandamız 1/4 finala vəsiqə uğrunda görüşü səfərdə keçirəcək.
Bu qarşılaşma ilə “Qəbələ” ölkə kubokunda 17-ci dəfə mübarizəyə qoşulacaq. Kubokda 2005/2006 mövsümündə debüt edən “qırmızı-qaralar” 1 dəfə qalibi olduğu (2018/2019) yarışda daha üç dəfə finalda (2013/2014, 2016/17, 2017/2018) oynayıb. Dörd mövsümdə yarımfinalçı (2007/2008, 2008/2009, 2015/16, 2019/20) olan “qırmızı-qaralar” 5 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015, 2020/21) mübarizəni dayandırıb. “Qəbələ” yalnız üç mövsümdə (2005/2006, 2006/2007, 2009/2010) kubokla 1/8 finalda vidalaşıb.
“Qəbələ” ölkə kubokunda yubiley – 70-ci matçına çıxacaq. İndiyədək keçirilən 69 qarşılaşmada “qırmızı-qaralar” 37 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 15 dəfə uduzub. Rəqib qapılarından 115 top keçirən futbolçularımız 61 qol buraxıb.
Mövsümə səfərdə başlayacaq “Qəbələ” 31-ci dəfə rəqib meydanında qüvvəsini sınayacaq. Əvvəlki 30 oyunda 15 qələbə və 7 heç-heçəsi olan komandamız 8 dəfə məğlub olub. 44 qol vuran futbolçularımız 34 top buraxıblar.
Azərbaycan kubokunda 202 futbolçu qırmızı-qara forma ilə meydana çıxıb. Urfan Abbasov hamıdan çox – 28 oyunda iştirak edib. Voislav Stankoviç 21, Cavid Hüseynov 20, Asif Məmmədov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı 17, Dodo 15 dəfə şans qazanıb.
Ölkə kubokunda vurulan 115 qola 57 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin kubokdakı bombardiri Kənan Kərimovun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənibsə, Viktor Mendi, İbrahim Hüseynov, Ceyms Adeniyi, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 qola sevinib.
Xatırladaq ki, dekabrın 10-da keçiriləcək MOİK - “Qəbələ” oyunu saat 17:00-da başlayacaq. Görüş “Dalğa Arena”da baş tutacaq.