2011-ci ilin «Qəbələ» əlifbası
Xəbərlər / 29 Dekabr 2011 | 20:00981
2011-ci ilin «Qəbələ» əlifbası

2011-ci ilə yekun vururuq. Arxada qoyduğumuz il ərzində həyatın bütün sahələrində olduğu kimi futbol sahəsində yeniliklər, yaddaqalan məqamlar oldu. Xüsusilə inkişaf etməkdə olan gənc “Qəbələ” PFK üçün il yeniliklərlə zəngin keçdi. Gəlin 2011-ci ilin diqqətçəkən hadisələrinə və personalarına əlifba sırası ilə nəzər yetirək.

A – Adams: 2011-ci ildə həm ölkə, həm də xarici mətbuatda adı “Qəbələ” ilə yanaşı adı ən çox çəkilən personanın Toni Adams olduğunu desək yəqin ki, yanılmarıq. Komandanın ölkə xaricində tanınmasında böyük rol oynayan ingiltərəli mütəxəssisin baş məşqçi postundan istefa verməsi ilin ən yaddaqalan hadisələrindən oldu.

B  - “Barselona”: “Qəbələ” dünyanın bir nömrəli komandası ilə əməkdaşlığa 2011-ci ildə start verdi. Məhz 2011-ci ilin dekabr ayında “Barselona”nı təmsil edən məşqçi heyəti Pro lisenziyalı Xosep Moratallanın başçılığı altında Qəbələyə işgüzar səfər etdi və burada “Qəbələ”li  məşqçilər üçün 10 günlük seminar təşkil olundu.

C – Cehua: Serje Cehua 2011-ci ildə komandaya qatılan ən səviyyəli legionerlərdən olsa da, afrikalı kollektivdə möhkəmlənə bilmədi və cəmi iki aydan sonra “Qəbələ” ilə yolları ayrıldı. Buna səbəb Cehuanın hücumçu keyfiyyətlərini nümayiş etdirə bilməməsi oldu.

Ç – Çempion: 2011-ci il “Qəbələ” Akademiyasının uğurları ilə yadda qaldı. U-13 və U-14 komandalarımız bütün rəqiblərini üstələyərək çempionluq sevinci yaşadılar.

D – Dodo: Mövsümün əvvəlində komandaya qoşulan Luis Hilario Dodo qısa müddətdə kollektivə uyğunlaşması və komandanın liderinə çevrilməsi ilə yadda qaldı. Yarımmüdafiə xəttində çıxış etməsinə baxmayaraq 6 qolla “Qəbələ”nin ən sərrast futbolçusu statusuna yiyələnən Dodo yüksək hücumçu keyfiyyətləri ilə diqqət mərkəzinə düşdü.

E – Errea: 2011-ci ilin startında “Qəbələ” FK ilə “Errea” arasında üç mövsümü əhatə edən sponsorluq müqaviləsi imzalandı. Razılaşmaya əsasən 2012-2013 mövsümünün sonuna qədər “Qəbələ” Futbol Klubunun aşağı yaş qrupları da daxil olmaqla bütün komandaların geyimləri “Errea” şirkəti tərəfindən təmin ediləcək.

Ə –  Əmili: 2011-ci ildə infrastruktur baxımından böyük işlər görən “Qəbələ” təmsil etdiyi rayonun Böyük Əmili kəndində yüksək standartlara cavab verən stadion istifadəyə verdi. Bu stadiondan əsasən aşağı yaş qruplarının çempionat oyunlarının keçirilməsi üçün nəzərdə tutulsa da, Premyer Liqanın (2011-2012 mövsümü) 15-ci turunda “Qəbələ” “Sumqayıt Şəhər” bu stadionda qəbul etdi. Buna səbəb Qəbələ Şəhər Stadionunun qarla örtülməsi idi.

F – FKD: “Qəbələ” FK Futbolun Kütləviləşdirilməsi Departamenti 2011-ci ildə maraqlı layihələrə imza atdı. Bunlardan ən diqqətçəkəni departamentin Vəndam kəndində qızlar üçün xüsusi proqramın həyata keçirilməsinə start verməsi oldu. 

H – “Hyundai”: 2011-ci ildə də “Qəbələ” FK ilə “Hyundai Auto Azerbaijan” arasındakı sponsorluq müqaviləsi uğurla davam etdirildi. Xatırladaq ki, “Hyundai” ilə müqavilədən sonra Azərbaycanda ilk dəfə bir klub formasında təsisçisi xaricində bir şirkətin reklamını daşımağa başlayıb.

J – “Jalə” turniri: “Jalə” turniri Azərbaycan futbol tarixinə ölkədə klublar arasında keçirilən ilk beynəlxalq futbol turniri kimi yazıldı.  “Dila”, “Spartak” (hər ikisi Gürcüstan), “Kəpəz” və “Qəbələ”nin iştirakı ilə baş tutan birincilik “Dila”nın çempionluğu ilə yekunlaşdı. 

K – Kavlak: Toni Adamsın istefasından sonra “Qəbələ”nin baş məşqçi postuna gətirilən Fatih Kavlak 2011-ci ildə komanda ilə adı ən çox yanaşı çəkilən şəxslərdən oldu. 2010-cu ildə klubda Adamsın köməkçisi kimi fəaliyyətə başlayan Kavlakın baş məşqçi kimi startı da yaddaqalan alındı. Kavlak son çempion “Neftçi”yə qarşı oyunda rəqibini üstələməklə bu posta layiq olduğunu sübut etdi. 
 
Q – “Qarabağ”: “Qəbələ” 2011-ci ilin ilk və son rəsmi matçında “Qarabağ”la üz-üzə gəldi. İlk qarşılaşmada 0:3 hesabilə məğlub olan komandamız ilin son oyunundan sülhlə ayrıldı: 0:0.

L – Liverpul – London: “Qəbələ”nin əsas komandası və U-14 komandası 2011-ci ildə İngiltərədə təlim-məşq toplanışında olmaqla ölkə futbol tarixində ilkə imza atdı. 
Əvvəlcə 6-15 fevral tarixlərində Liverpulda səfərdə olan 14 yaşa qədər futbolçulardan ibarət komandamız “Liverpul”, “Mançester Yunayted”, “Everton”, “Bləkbörn” və “ Şeffild Yunayted” kimi tanınmış klublarla üz-üzə gəldi. Azyaşlılarımızın bütün oyunlarda məğlub olmasına baxmayaraq, İngiltərə səfəri futbolçularımızın həyatlarında yeni səhifə açdı, onların gələcək karyeralarında dönüş nöqtəsi rolunu oynadı. 
Əsas komandamızın yay hazırlıq dönəmini İngiltərədə - Londonda keçirməsi də ilin ən vacib hadisələrindən biri kimi yadda qaldı. 

M – Məktəbli fanklubu: “Qəbələ” Futbol Klubunun 2011-ci il ərzində həyata keçirdiyi ən vacib layihələrdən biri də Məktəbli fanklubu layihəsidir. Qəbələ şəhər və kənd məktəblərində reallaşdırılan bu proyekt şagirdlərə futbolu tanıtmaq, sevdirmək, onların əsl “Qəbələ” azarkeşi kimi yetişməsinə dəstək olmaq məqsədi daşıyır. Layihə çərçivəsində mövsüm ərzində klub tərəfindən yüzlərlə məktəbliyə  ev oyunlarını pulsuz izləmək imkanı yaradılıb, onların evlərindən stadiona və stadionlardan evlərinə təhlükəsiz çatdırılması üçün nəqliyyat vasitələri ayrılıb. 

P – Prezident: 2011-ci il ölkə prezidenti İlham Əliyevin “Qəbələ” Futbol Klubunun stadion və təlim-məşq bazası kompleksini ziyarət etməsi, burada aparılan tikinti işləri və istifadəyə verilən meydançalarla yaxından tanış olması ilə əlamətdar olub. 

S – “Sumqayıt Şəhər”: “Qəbələ” 2011-2012 mövsümünün ilk qələbəsini “Sumqayıt Şəhər”ə qarşı qazanıb. Xatırladaq ki, bu görüş komandamızın Sumqayıt təmsilçisi ilə ilə keçirdiyi ilk qarşılaşma kimi tarixə düşüb.

Ş – “Şaxtyor”: 2011-ci ildə Avropa futboluna inteqrasiya istiqamətində atılan ən önəmli addımlardan biri də Ukraynanın “Şaxtyor” klubu ilə əməkdaşlığa start verilməsi oldu. Əməkdaşlıq çərçivəsində klubumuzun baş meneceri Zaur Əzizov, marketinq meneceri Səməd Nəsibov və akademiya direktorunun müavini Nail Kərimovun Ukraynaya səfəri zamanı klub rəsmiləri ilə işgüzar görüşlər keçirilib. Qısa müddət sonra isə “Şaxtyor”un strategiya və marketinq direktoru Cozef Palmer və komandanın futbol akademiyasının direktoru Patrik van Liuven Qəbələdə səfərdə oldular. Səfər zamanı əməkdaşlığın gələcək perspektivləri və tərəfdaşlıq imkanları barədə müzakirələr aparıldı.

T – “Turan”: Tovuz təmsilçisinin 2011-ci ildə “Qəbələ” üçün ən düşərli rəqib olduğunu söyləsək, yəqin ki, yanılmarıq. İl ərzində 4 dəfə üz-üzə gələn komandaların duelində həmişə sonda gülən tərəf “Qəbələ” olub. Ümumilikdə isə “Qəbələ”nin “Turan” qarşısındakı qələbə seriyası 8-ə çatıb.