Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək. 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində baş tutacaq qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olacaq. Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun yetirmələri Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşəcək.
Bu komanda 1970-ci ildə yaradılıb. Superliqada 2012-ci ildə debüt edən Akhisar təmsilçisi həmin vaxtdan yüksək dəstədə mübarizə aparır. Komandanın tarixində ən yaxşı nəticə ötən mövsüm tutduğu 7-ci yerdir. Cari mövsümün ilk yarısında Okan Burukun baş məşqçisi olduğu komanda Superliqada keçirdiyi 17 oyundan sonra 19 xal toplayıb və I dövrəni 18 komanda arasında 12-ci pillədə başa vurub.
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq “Akhisar Bələdiyyəspor” – “Qəbələ” matçı “Rixos Premium” otelinin meydançasında keçiriləcək.
Komandamızın 2018-ci ildəki ilk qarşılaşması klub tarixində 94-cü beynəlxalq yoldaşlıq oyunu olacaq. Həm Qəbələdə, həm də ölkə xaricində baş tutan toplanışlar çərçivəsində xarici klublarla 93 matç keçirən “qırmızı-qaralar” bu görüşlərin 59-nu Türkiyədə oynayıb. Sabahkı görüş “qırmızı-qaralar”ın 14-cü dəfə təlim-məşq toplanışına gəldiyi ölkədə 60-cı beynəlxalq sınağı olacaq. Bunlardan 26-da qələbə qazanan “Qəbələ” 16 heç-heçə edib və 17 dəfə uduzub. Xarici komandalarla buradakı matçlarda 100 qol vuran futbolçularımız 68 top buraxıblar.
Yoxlama oyunu
10 yanvar
18:00. “Akhisar Bələdiyyəspor” (Türkiyə) – “Qəbələ” (Azərbaycan)
Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası