4 qələbə, 19 qol
Xəbərlər / 12 Dekabr 2014 | 17:53150
4 qələbə, 19 qol

“Qəbələ” Akademiyasının aşağı yaş qruplarından olan komandaları növbəti oyunlarını keçirib. Son bir həftədə təmsilçilərimiz həm liqa, həm də kubok görüşlərində qüvvəsini sınayıb. Akademiyanın yetimələri 7 oyunda 4 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 məğlubiyyət alıb. Bu oyunlarda 19 qol vuran futbolçularımız 5 top buraxıb.
Öz meydanında “Rəvan”la qarşılaşan U-19 II dövrəyə məğlubiyyətlə başlayıb – 0:1. XIII turda istirahət edəcək “Qəbələ” 12 oyundan topladığı 20 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
U-17 Liqada qısa fasilə yarandığından komandalar kubok matçlarına çıxıb. 1/4 finalda “Qarabağ”la görüşən “Qəbələ” evdə keçirdiyi ilk oyunda bərabərliklə kifayətlənib – 1:1. Cavab oyunu dekabrın 22-də baş tutacaq.
XII turda “Bakı”nı sınağa çəkən U-16 minimal hesablı qələbə qazanıb – 1:0. 11 matçda 28 xal toplayan “qırmızı-qaralar” yarışın vahid lideridir. Komandamız növbəti oyunda “Vətən”in qonağı olacaq.
10 matçda 23 xal toplayıb, 2-ci pillədə qərarlaşan U-15 bu turda istirahət edib. “Qəbələ” növbəti matçında “Qarabağ”ın rəqibi olacaq.
U-14 Liqasının Paytaxt zonasında çıxış edən “qırmızı-qaralar” I dövrənin son turunda “Qarabağ”dan güclü olub – 7:1. Keçirdiyi 11 oyunda 28 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. II dövrədəki ilk rəqib isə “Sumqayıt” olacaq.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən digər 3 komanda da növbəti oyununu keçirib. U-13 “Daşqın”la heç-heçə edib – 1:1. 10 matçda topladığı 25 xalla liderlik edən “qırmızı-qaralar” növbəti turda istirahət edəcək. “Rabitəçi”ni 6:0 hesabı ilə məğlub edən U-12 10 matçda topladığı 26 xalla zonanın lideridir. XII turda “Qəbələ” Qax UGİM-i ilə görüşəcək.
XI turda “Simurq”la görüşən U-11 3:1 hesabı ilə qalib gəlib. 10 matçda 27 xal qazanan “Qəbələ” vahid liderliyini davam etdirir.