Azərbaycan milli komandası növbəti oyununu keçirib. Yığmamızın Qətər millisi ilə bu gün baş tutan yoxlama görüşündə “Qəbələ”nin futbolçuları da iştirak edib. Cavid Hüseynov, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov və Tellur Mütəllimov komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün start “11-liy”ində yer alıb. Araz Abdullayev fasilədən sonra meydana çıxıbsa, Ürfan Abbasov 69-cu dəqiqədə Telluru əvəzləyib. Mütəllimov kimi Hüseynovla Qurbanov da sonradan əvəzlənib.
Yığmanın qələbə qolunu da futbolçumuz vurub. 62-ci dəqiqədə fərqlənən Araz hesab 1:1 olarkən rəqib qapısına yol tapıb. Bu, yarımmüdafiəçinin 21-ci matçını keçirdiyi millidə ilk qolu olub. Qətərin paytaxtı Doha şəhərindəki matç Mütəllimov üçün debüt qarşılaşması olub.
Xatırladaq ki, Cavid 47-ci, Ruslan 16-cı, Məhəmməd 14-cü, Ürfan 2-ci dəfə millinin formasını geyinib.