60, 70, 80
Xəbərlər / 2 Sentyabr 2013 | 06:46288
60, 70, 80

“Qəbələ” Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran” üzərində 2:0 hesablı qələbə qazandı. Mövsümdə 3-cü dəfə meydanı 3 xalla tərk edən komanda bir neçə ilkə imza atdı. “Qırmızı-qaralar” mövsümdə ilk dəfə oyunda hesabı açan tərəf oldu. Belə ki, əvvəlki 2 qalibiyyət zamanı ilk qol rəqibdən gəlmiş, “Qəbələ” isə əzmkar qələbə ilə fərqlənmişdi.

Öncəki qələbələrini minimal fərqlə əldə edən  komanda bu dəfə 2 top fərqinə sevindi. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında ilk dəfə inamlı qələbə əldə edən “qırmızı-qaralar” sonuncu dəfə ötən mövsümün 21-ci turunda 2 top fərqli zəfər çalmışdı. Həmin vaxt da rəqib “Xəzər Lənkəran” idi – 2:0. Növbəti 15 oyunda qazanılan 4 qələbənin hamısı isə 1 top fərqilə əldə olunmuşdu.

Bu dəfəki qələbə həm də klub tarixində evdə qazanılan 70-ci qələbə oldu. 13 dəfə I dəstə, 10 dəfə kubok və 47 dəfə Premyer Liqada qonaqları məğlub edən “Qəbələ” öz meydanındakı 138-ci qarşılaşmada 70-ci dəfə qalib gəldi.

Yeni komandasında qol hesabını açan Lorenzo  Ebesilio “Qəbələ”də qol sevinci yaşayan 80-ci futbolçu oldu. Daha 6 qol isə rəqiblərin avtoqolu sayəsində mümkün olmuşdu. Ebesilio 80 nəfərlik siyahıda ilk hollandiyalı kimi tarixə düşdü. Belə ki, onadək “qırmızı-qara” formada çıxış etmiş hollandiyalılar - 55 oyun keçirən Stiv Olfers və 2 matçın iştirakçısı olan Con Kollins qola həsrət qalmışdı. Ebesilio Premyer Liqada “Qəbələ” üçün qol vuran 60-cı oyunçudur.