8 oyunda 7 qələbə
Xəbərlər / 5 Dekabr 2014 | 19:40179
8 oyunda 7 qələbə

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qruplarından olan komandaları növbəti oyunlarını keçirib. Ötən bir həftə ərzində komandalarımız AFFA-nın təşkil etdiyi müxtəlif liqalarda çıxışlarını davam etdirib. Akademiyanın 8 komandasından 7-si qalib gəlib, yalnız U-19 heç-heçə ilə kifayətlənib.

I dövrənin sonuncu – XI turunda “Əlincə”ni qəbul edən U-19 heç-heçə ilə kifayətlənib – 1:1. 10 matçda 20 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” II dövrənin ilk oyununda yarışın lideri “Rəvan”ı qonaq edəcək.
IX turda “Bakı”nı qəbul edən U-17 böyükhesablı qələbə qazanıb – 3:0. 9 turdan sonra 28 xala vahid liderlik edən “Qəbələ” növbəti turda səfərdə “Qarabağ”la görüşəcək. 11 qol vuran Rövlan Muradov isə bombardirlər yarışının lideridir.
XI turda “MKT-Araz”ın qonağı olan U-16 minimal hesablı qələbə qazanıb – 1:0. 10 qarşılaşmada 25 xal toplayan “Qəbələ” liderlik uğrunda əsas rəqibi “Bakı” ilə növbəti turda qarşılaşacaq.
U-15 səfərdə “Fortuna”ya qalib gəlib – 2:1. 10 oyunda 23 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. Komandamız XII turda istirahət edəcək.
Paytaxt zonasında mübarizə aparan U-14 “Bakı kəndləri” ilə X turun oyununda böyükhesablı qələbə qazanıb – 8:0. 10 qarşılaşmada 25 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. I dövrənin son oyununda komandamız “Qarabağ”la görüşəcək.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-13 X turda Yevlax UGİM-indən güclü olub – 6:0. 9 matçda topladığı 24 xalla liderlik edən “Qəbələ” növbəti oyunda “Daşqın”la üz-üzə gələcək.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Simurq”a 2:1 hesabı ilə qalib gələn U-12 vahid liderliyi ələ keçirib. 9 oyunda 23 xal toplayan komanda növbəti turda “Rabitəçi” ilə görüşəcək.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-11 Yevlax UGİM-indən güclü olub – 5:0. 9 matçda topladığı 24 xalla liderlik edən “Qəbələ” növbəti oyunda “Simurq”la üz-üzə gələcək.