«Acıbadem» beynəlxalq mükafata layiq görüldü
Xəbərlər / 26 Aprel 2013 | 10:41340
«Acıbadem» beynəlxalq mükafata layiq görüldü

“Qəbələ” Futbol Klubu oyunçularının sağlamlığını etibarlı əllərə həvalə etməkdə yanılmadığına bir daha əmin olub. Belə ki, klubun əməkdaşlıq etdiyi Türkiyənin məşhur “Acıbadem Xəstəxanalar Qrupu”nun Fulya Xəstəxana İdman Sağlamlıq Mərkəzi “FİFA-nın Üstün Keyfiyyətli Tibb Mərkəzi” mükafatına layiq görülüb. “Acıbadem” qardaş ölkədə bu adda mükafatla təltif olunan ilk tibb müəssisəsidir. Futbolun dünya üzrə ali qurumunun baş katibi Jerome Valcke mükafat diplomunu xüsusi təşkil olunmuş mərasimdə sözügedən xəstəxanalar qrupunun idarə heyətinin rəhbəri Mehmet Ali Aydınlara təqdim edib. Təqdimetmə mərasi dünyanın idman və siyasət xadimləri, o cümlədən UEFA-nın vitse-presidenti və FİFA-nın idarə heyətinin üzvü Şenes Erzik, FIFA-nın Səhiyyə Komissiyasının baş müşafiri professor Jiri Dvorak və müxtəlif idman federasiyaları prezidentlərinin iştirakı ilə həyata keçirilib. FİFA rəsmiləri Türkiyədə tibb mərkəzini belə bir mükafatla qiymətləndirə bildiklərindən məmnun olduqlarını ifadə ediblər. 

Mərasimdə Mehmet Ali Aydınlar bildirib ki, “Acıbadem” 16 hospitalı, 12 tibb mərkəzi, universiteti və mobil səhiyyə xidmətləri ilə dünyaya vahid tibbi xidmət modeli təqdim edib. Xəstəxanalar qrupu beynəlxalq standartlara uyğun yüksək keyfiyyətə malikdir və vahid səhiyyə xidmətinin necə qurulması istiqamətində gözəl nümunədir.

Jerome Valcke əlavə edib ki, onun valideynləri və qızı həkimdirlər. Lakin özü idmana yönəlib və ailədə ondan başqa hər kəs həkimdir: “Mən futbol oynamağı seçdim. Etiraf edim ki, idman və səhiyyə ayrılmaz hissədirlər. Peşəkar futbolçular 90 dəqiqə qaçırlar ki, tamaşaçılara gözəl oyun nümayiş etdirərək zövq versinlər. Biz onlara kömək etməliyik… Çünki, əgər biz idman üçün xeyli vaxt və kapital sərf ediriksə, deməli oyunçulara yaxşı imkanlar yaratmalıyıq”. 

Şenes Erzik isə qeyd edib ki, Türkiyədə uzun illər idman tibbi sahəsində investisiyalara, lazımi avadanlıqlara və peşəkar idman həkimlərinə böyük ehtiyac duyub. Təxminən 15-20 il bundan əvvəl peşəkar idmançılar zədələnəndə ABŞ, Almaniya və İsveçrədəki tibb mərkəzlərinə göndərilirdilər. İndi isə o qədər zəhmət çəkməyə ehtiyac qalmır. 

Mərasimdən sonra qonaqlar “Acıbadem”in Fulya İdman Tibb Mərkəzinin tibbi-texniki imkanları ilə əyani tanış olublar.