“Qəbələ” İdman Klubunun taekvondo üzrə açıq birinciliyinə yekun vurulub. Klubumuzun təşkilatçılığı ilə keçirilən yarışın ikinci günündə yeniyetmə oğlanlar tatami üzərinə çıxıblar. 10 çəki dərəcəsində qaliblər müəyyənləşib ki, bunların 5-də “Qəbələ” təmsilçiləri də fəxri kürsüyə qalxıblar. 33 kq çəki dərəcəsində çıxış edən Nicat Əzizli bütün rəqiblərinə qalib gəlib, birinciliyin qalibi adına yiyələnib. Finala yüksələn digər iki idmançımız – Ramil Rəşidov (45 kq) və Ağalı Qurbanov (57 kq) həlledici qarşılaşmada uduzub, gümüş medalla kifayətləniblər. Ravil Kişmişov (41 kq) və Rəhim Allahyarov (65 kq) bürünc medala yiyələniblər. Bu nəticələrdən sonra "Qəbələ" komanda hesabında ilk pilləyə çıxıb.
Xatırladaq ki, birinciliyin ilk günündə tatami üzərinə 2005-2006, 2007-2008-ci il təvəllüdlü oğlanlar və yeniyetmə qızlar çıxıblar. Ümumilikdə isə yarışda klubumuzun təmsilçiləri ilə yanaşı, Bakı şəhəri və respublikamızın digər bölgələrində fəaliyyət göstərən klub bölmələrinin 457 uşaq və yeniyetmə taekvondoçusu qüvvələrini sınayıb.