20 noyabr 2015 tarixdə Türkiyənin “Hürriyet” qəzetində “Beşiktaş taraftarları transfer oldu” başlıqlı məqalə dərc olunmuşdur. Yazıda özünü “Beşiktaş” azarkeşi kimi təqdim edən Sedat Özdemir bir neçə digər azarkeşlə klubumuzun prezidenti Tale Heydərovla görüşdüklərini və müəyyən şərtlər müqabilində komandamızı oyunlarda dəstəkləyəcəklərini, klubumuzu dəstəkləyən tərəfdar qrupları ilə öz təcrübələrini bölüşəcəklərini bildirmişdir. Təəssüf və təəccüblə bildiririk ki, dərc olunan yazı həqiqətdən uzaqdır. Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməmişdir.
Xatırlatmaq istərdik ki, 6 avqust 2015-ci il tarixdə UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qəbələ”-“Apollon” (Kipr) matçından əvvəl klubumuza heç bir bağlılığı olmayan fan-klublardan biri tərəfindən oyuna “Beşiktaş” azarkeşlərinin gələcəyi barədə bizə məlumat verilmişdir. Həqiqətən də bir qrup türkiyəli azarkeş yalnız “Apollon”la görüşdə digər fan-klublarla bərabər komandamızı dəstəkləmişdir və bunun qarşılığında klub tərəfindən sözügedən azarkeşlərə hər hansı maddi vəsait ödənməmişdir.
Bir daha vurğulamaq istərdik ki, klubumuzun yazıda qeyd olunan şəxslərlə heç bir müstəvidə əməkdaşlığı mövcud deyil və xəbər həqiqəti əks etdirmir.