«Addım-addım irəliləməliyik»
Xəbərlər / 19 Mart 2016 | 14:03181
«Addım-addım irəliləməliyik»

Topaz Premyer Liqasının XXVI turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bu, uduzduğumuz, xal itirdiyimiz ilk oyundur ki, rəqibin bizdən güclü olduğunu etiraf etməliyəm. Bu gün rəqib bizdən üstün idi. Cinah müdafiəçilərimiz yaxşı oynamayıb, səhvlər buraxdılar. Lakin onları tənqid etməməli, dəstək olmalıyıq. Futbolda səhvlər də olur. Bu səhvlərlə müsbət nəticədən danışmaq da mümkün deyil. Realist olmalıyıq ki, amma eyni zamanda nə ilə isə də barışmamalıyıq. “Qarabağ” bu gün bizdən üstün idi. Amma bu o demək deyil ki, 1-ci yeri onlara verməliyik. Lakin onların bu mövqeni əldən verməsi üçün səbəblər də görmürəm. “Qarabağ” hazırda həqiqətən də çempionatda güclüdür. Biz isə qarşıdakı oyunu fikirləşib, həmin matça hazırlaşmalı, addım-addım irəliləməliyik. Qələbə qazanmaq üçün rəqibin kimliyindən asılı olmayaraq hücumda oynamaq lazımdır. Müdafiədən oynayıb, əks-hücumda oynamaq haqda düşünmək olmaz. Amma “Qarabağ” da hazırda yaxşı durumdadır. Hücumun başlanğıcında düzgün oynamayıb, səhvlər buraxırdıq. Müdafiəçilər topu rəqib hücumçularına verirdi. Bu da onların işini asanlaşdırırdı. Rəqib topa meydanın bizə aid hissəsində yiyələnirsə, onlara daha yüngül olur. Matçı yenidən izləyib, analiz etmədən deyə bilərəm ki, məğlubiyyətə səbəb olan səhvlərimizdən biri məhz bu məqam idi. Dodonun tez-tez zədələnməsini onun özü ilə də müzakirə etmişik. Bunun üçün nə etməyin lazım olduğunu onun özü də bilir. Bunun üzərində çalışmalıdır. O, bu gün bacardığını etdi. Lakin əvvəlki vəziyyətinə qayıtması lazımdır. Nəticələrimiz qeyri-stabil olsa da, bunu oyunumuz haqda deməzdim. “Zirə”yə uduzduğumuz matçı aşkar uğursuz saymaq olmaz, amma bu gün rəqib daha güclü idi” .