AFFA-dan «Qəbələ»yə təşəkkür məktubu
Xəbərlər / 6 İyun 2013 | 06:54377
AFFA-dan «Qəbələ»yə təşəkkür məktubu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 28 may-02 iyun tarixlərində Qəbələdə keçirilən II Qəbələ Kuboku turnirinin təşkilatçılığına görə klub rəhbərliyinə təşəkkür məktubu göndərib. AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərova ünvanlanan məktubun tam mətnini diqqətinizə çatdırırıq.

"Qəbələ" İK-nın prezidenti cənab T. Heydərova

Hörmətli Tale müəllim,

Azərbaycanda futbolun inkişafı məqsədilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir, böyük layihələr icra olunur. Sevindirici haldır ki, "Qəbələ" İdman Klubu bu prosesin ən fəal iştirakçılarından biridir. Rəhbərlik etdiyiniz klubun müxtəlif yaş qruplarından ibarət komandalarının AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda yüksək nəticələr əldə etməsi "Qəbələ" İK-da uşaq futboluna böyük diqqətlə yanaşıldığını göstərir. 
"Qəbələ" İK beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində də aktiv fəaliyyət göstərir. Artıq ikinci ildir ki, yeniyetmələr arasında təşkil olunan, Avropanın aparıcı klublarının iştirak etdiyi "Gabala Cup" turniri ölkəmizdə futbolun inkişafına töhfə verdiyi kimi Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi daha yaxşı tanınmasına zəmin yaradır. "Gabala Cup" turnirinin uğurla təşkil olunması münasibətilə Sizi təbrik edir, artıq ənənə halını almış bu yarışın gələcəkdə də yüksək səviyyədə keçirilməsini arzulayır və Azərbaycan futbolunun inkişafına verdiyi bu töhfəyə görə "Qəbələ" İdman Klubuna minnətdarlığımızı bildiririk.
Diqqətiniz üçün təşəkkür edirik.

Hörmətlə
Elxan Məmmədov
AFFA-nın baş katibi