Premyer Liqanın XIII turunda “Qəbələ” doğma divarlar arasında “Kəpəz”i məğlub etməklə uğurlu seriyanı davam etdirdi. Ardıcıl qələbələrinin sayını 3-ə çatdıran qırmızı-qaraların bu uğurunda sözsüz ki, baş məşqçi Ramiz Məmmədovun rolu danılmazdır. Cəzalı olduğu üçün texniki zonaya buraxılmayan və komandasını kənardan idarə edən mütəxəssis qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşdü:
“Ağır oyun olacağını bilirdik. Əvvəl də demişdim indi də təkrar edirəm – çempionatda zəif komanda yoxdur. Mahmud Qurbanovun “Kəpəz”ə baş məşqçi təyin olunmasından sonra komandanın oyununda yüksəliş hiss olunurdu. Gənc mütəxəssis çox əzmkar komanda yarada bilib. Bizimlə oyunun ilk hissəsində də nəyə qadir olduqlarını göstərdilər. Futbolçularımız birinci 45 dəqiqədə verilən tapşırıqların öhdəsindən lazımınca gələ bilmədilər. Bu səbəbdən fasilədə dəyişikliklər etdik. Sonradan oyuna daxil olan Şəhriyar Xəlilovun hücumlara qoşulması və Viktor Mendinin sonadək mübarizə aparması qələbədə həlledici amillərdən oldu. Bütün futbolçularımızı qələbə münasibətilə təbrik edirəm”.
Ramiz Məmmədov növbəti turda baş tutacaq “Rəvan”-“Qəbələ” matçı barədə də fikirlərini bildirdi:
“Paytaxta 3 xal qazanmaq hədəfi ilə yollanacağıq. Güclü bir rəqibə qarşı səfər oyunumuz olacaq. Kamal Alispahiç güclü komanda yaratmağı bacarıb. Maraqlı qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşıb paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyimizə inanıram”.