“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Aişə Qurbanlı növbəti uğurunu qazanıb. 6 gün əvvəl yığmamızın heyətində qatıldığı Afrikanın açıq çempionatında bürünc medal qazanan idmançımız bu dəfə Avstraliyada uğurlu çıxış edib. Okeaniyanın açıq çempionatında qüvvəsini sınayan cüdoçumuz yalnız finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə yüksəlib. 48 kq çəki dərəcəsində çıxış edən Qurbanlı Vullonqonq şəhərində 4 görüş keçirib. O, ilk qarşılaşmada Honkonq təmsilçisi Je Ham Çenqi 40, ardınca isə ABŞ idmançısı Anne Suzukini 45 saniyəyə ippona salıb. Yarımfinalda indoneziyalı Terri Kusumavardani Susantini 17 saniyəyə mübarizədən kənarlaşdıran Aişə finalda ABŞ təmsilçisi Katelin Bouyssounla üz-üzə gəlib. İdmançımız Afrika çempionatında 3-cü yer uğrunda qarşılaşmada məğlub etdiyi rəqibinə uduzaraq, gümüş medala yiyələnib.