Akademiyada yeni fizioterapevt
Xəbərlər / 17 Yanvar 2014 | 09:34377
Akademiyada yeni fizioterapevt

“Qəbələ” Futbol Akademiyasına yeni fizioterapevt təyin olunub. Bu, hollandiyalı mütəxəssis Henk Şolinqdir. 1964-cü il martın 5-də Hollandiyanın kiçik Anloo qəsəbəsində anadan olan 49 yaşlı mütəxəssis zəngin iş təcrübəsinə malikdir. 
Henk əmək fəaliyyətinə 1984-cü ildə    Herenven şəhərinə təmsil edən və ölkənin birinci divizionunda mübarizə aparan “PEC-Zwolle” komandasında başlayıb. Gənc mütəxəssis klubun əsas və gənclərdən ibarət komandasında məşqçi kimi çalışmaqla futbol sahəsində ilk addımlarını atıb. Dörd il “PEC-Zwolle”də çalışan Henk Şolinq 1990-2000-ci illərdə Hollandiya Premyer Lıqasında çıxış edən “Vitess” (Arnhem) klubunda fizioterapevt kimi çalışıb. Maraqlıdır, mütəxəssis 1993-cü ildə Hollandiya Volleybol Federasiyasından təyinat alıb və ölkəsinin kişilərdən ibarət əsas komandasında da fizioterapevt kimi fəaliyyət göstərib. 2001-2003-cü illərdə mütəxəssis Arnhem şəhərində yerləşən Papendal Milli Tibbi İdman Mərkəzində (National Sports Medical Center Papendal) fizioterapevt kimi çalışıb. O, 2003-cü ildə Hollandiya Premyer Liqasında çıxış edən “Utrecht” klubunun əsas komandasının fizioterapevti təyin edilib və bir il bu vəzifədə çalışıb. Yeni fizioterapevtimiz 2004-cü ildən bu günlərədək zədələrlə bağlı futbolun təhlili, zədələrin baş verməsi səbəbləri və onların profilaktikası, eləcə də fizioterapiya sahəsində təlimat və vəsaitlərin hazırlanması ilə də məşğul olub. Ümumilikdə, idmana və aktiv həyat tərzinə üstünlük verən Henk Şolinq qaçış, xizəkdə sürüşmə və başqa idman növlərinə maraq göstərir.