2013/14 mövsümü “Qəbələ” İdman Klubunun futbol komandalarının uğurları ilə əlamətdar olub. Tarixində ilk mükafatını – bürünc medalları qazanan, Azərbaycan kubokunun finalına yüksələn əsas komanda və gümüş medallara yiyələnən əvəzedici heyətlə yanaşı, klubun akademiyasının yetirmələri də ölkə miqyaslı yarışlarda yüksək nəticələr əldə ediblər.
AFFA-nın təşkilatçılığı ilə 8 yaş qrupunda keçirilən ölkə miqyaslı yarışlarda Akademiyanın 8 komandasından 7-si mükafatçılar sırasına düşməyə nail oldu.
Son illər aşağı yaş qrupları üzrə liqalarda lider mövqelərini ələ keçirən “Qəbələ”nin yalnız bir komandası mövsümü mükafatsız bitirdi. İlk “üçlüy”ə düşə bilməyən yeganə komandamız – U-11 isə mükafatın 1 addımlığında dayandı – IV yer.
Çempionluq sayında da klubumuz şərikli rekorda imza atdı. Belə ki, 8 liqada “Qəbələ” və “Bakı” hərəyə 3, “Neftçi” isə 2 çempionluq yaşadı. Akademiyamıza 1-ci yeri U-16, U-15 və U-13 qazandırdı. Sonuncu iki komanda mövsümü ümumiyyətlə hərəyə 1 məğlubiyyətlə tamamladı. Ötən mövsümdə U-15 və U-16 liqalarında məhz “Qəbələ”nin yetirmələri çempion olmuşdusa, U-13-lərin yarışında 3-cü dəfə Akademiyamız qalib oldu.
3 liqada – U-12, U-17 və U-19-ların yarışında “Qəbələ” gümüş mükafata sahib çıxdı. İlk dəfə təşkil olunan 12 yaşadək futbolçuların yarışında komandamız cəmi 1 dəfə məğlub olmaqla da diqqət çəkdi. Digər iki komandanın uğuru isə əvəzedici heyət və əsas komanda üçün yaxın gələcəkdə ehtiyat qüvvənin olması anlamına gəlir.
26 oyunda 227 qol – belə məhsuldarlığa istənilən komanda həsəd apara bilər. Lakin 23 qələbə qazanan U-14 komandası belə nəticələrlə yalnız 3-cü olmağı bacardı. Bununla da “Qəbələ” Akademiyası mövsümü 3 qızıl, 3 gümüş və 1 bürünclə başa vurdu. Beləliklə də 2012/13 mövsümündə 7 liqada 5 qızıl və 1 gümüşlə hamını qabaqlayan “qırmızı-qaralar” ardıcıl 2-ci dəfə mükafat sayında ən yaxşı oldu.
Lakin Akademiyanın uğurları 7 komandanın qazandığı mükafatlarla kifayətlənmir. Daha 7 mükafatı ayrı-ayrı futbolçular əldə edib. Fərdi nominasiyalarda fərqlənən gələcəyin ulduzlarından 4-ü ən yaxşı seçilib. Rauf Məhərrəmov (U-12 Liqası), Orxan Abdullayev (U-13 Liqası), Fərid Nəbiyev (U-15 Liqası), Bəhlul Mustafazadə (U-19 Liqası) çıxış etdikləri liqanın ən yaxşı oyunçusu kimi mükafatlandırılıblar. Daha 3 futbolçu isə məhsuldarlığı ilə fərqlənib. U-14 Liqasında Kamran Quliyev, U-15 Liqasında Elvin İmanlı, U-16 Liqasında Rövlan Muradov bombardir olmağı bacarıblar.
Akademiyanın aşağı yaş qruplarından olan komandalarının liqalarda mübarizə apardığı vaxtda “Qəbələ”nin 5 yetirməsi əsas komandaya kömək etdi. Onlardan biri – Elvin Camalov “qırmızı-qaralar”ın formasını ilk dəfə məhz başa çatan mövsümdə, Yuri Syominin rəhbərliyi altında geydi. 19 yaşı tamam olmamış debüt şansı qazanan yarımmüdafiəçi əvvəl çempionat, ardınca kubok matçında meydana çıxdı.
Ümumiyyətlə akademiyanın 4 yetirməsi Topaz Premyer Liqasında oynamaq imkanı qazandı. Onlardan biri – Tərzin Cahangirov həm “Qəbələ”də, həm də “Sumqayıt”da oynamaq imkanı əldə etdi. Doğma klubunda 1 matça çıxan futbolçumuz əsas komandadakı oyun sayını 20-yə çatdırdı. Cahangirov başqa klubda özünü göstərən ilk yetirməmiz kimi də tarixə düşdü. Bu komandada 18 qarşılaşmada 1 qol vuran Tərzin akademiyanın yetirmələri arasında 2013/14 mövsümündə əsas komandalarda ən çox oyun keçirən futbolçu oldu.
“Qəbələ”nin əsas komandasında isə akademiyanın kəşflərindən Müşfiq Teymurov fərqləndi. 21 yaşlı futbolçu komandada keçirdiyi 12 qarşılaşmada qol hesabını da açdı. Bu qolla o, klub tarixinin çempionatda qol sevinci yaşayan 5-ci gənc oyunçusu oldu. Həm də Teymurov akademiyanın yetirmələrinin “Qəbələ”nin əsas komandasındakı 2-ci qoluna sevindi. Onadək yalnız Amil Yunanov bunu bacarmışdı. Həmin qol 2 il əvvəl qeydə alınmışdı.
Mövsümdə 4 qarşılaşmaya çıxan Sadiq Quliyev bu görüşlərin hamısını əvəzolunmadan keçirib. Gənc futbolçu 3 Premyer Liqa və 1 kubok görüşündə özünü göstərib. Cəmi 1 qarşılaşmaya çıxan Murad Musayev isə yeganə qarşılaşmanı kubokda keçirib. Ümumiyyətlə isə mövsümün gedişində Syomin 20 dəfə - 15 çempionat və 5 kubok görüşündə akademiyanın yetirmələrinə güvənib.