Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun boksçusu Alfonso Dominqes Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının çempionu olub. 81 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışda keçirdiyi beş döyüşün hamısında qalib gəlib. 1/16 finalda ukraynalı Stefan Hrekulu 3:0, 1/8 finalda belaruslu Mixail Dauhalyavetsi 5:0, 1/4 finalda belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda isə italiyalı Simone Fiorini 4:1 hesabı ilə məğlub edən təmsilçimiz finala yüksəlib. Alfonso “Ureçye Arena”da təşkil olunan həlledici döyüşdə böyük britaniyalı Bencamin Vittakerlə görüşüb. Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. Dominqes eyni zamanda Avropa çempionatı statusu daşıyan yarışda, həm multiidman yarışının qalibi, həm də qitə çempionu adını qazanıb.