İsnik Alimi “Qəbələ”də 50-ci oyununu keçirib. Şimali makedoniyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XV turuna təsadüf edib. “Sumqayıt”la səfərdəki matç onun üçün “qırmızı-qara” forma ilə 50-ci olub.
1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da İsnik açıb. Bu, onun “Qəbələ”də 17-ci qolu olub.
Alimi Premyer Liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə “qırmızı-qaralar”ın heyətində şans qazanıb.
Yarımmüdafiəçinin komandamızda debütü 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib. O, “Qəbələ”nin tarixində 50 və daha çox oyun keçirən 53-cü futbolçudur.