Almaniyanın Saarbrükken şəhərində keçirilən cüdo üzrə Avropa kubokunun ilk gününə yekun vurulub. “Qəbələ” İdman Klubunun təmsilçiləri də tatami üzərinə çıxıb. Onlardan ikisi yarışı mükafatçılar sırasında başa vurub. 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynovla Vüqar Şirinli Almaniyada bürünc medal qazanıb.
Kəramət öncə fransalı Teo Raul Hebrarda, ardınca hollandiyalı Bas Koffiyberq və belçikalı Florian Paçelə qalib gəlib. Yarımfinalda belçikalı Yorre Verstratenə uduzan təmsilçimiz bürünc uğrunda qarşılaşmada fransalı Antuan Bidonu məğlub edib.
Vüqar isə fransalı Pyer Dumontye və Tomas Matyonu məğlub edəndən sonra belçikalı Yorre Verstratenə uduzub. Təsəlliverici görüşdə gürcüstanlı Luka Mxeidze, üçüncülük qarşılaşmasında isə hollandiyalı Bas Koffiyberqə qalib gələn Şirinli bürünc medal əldə edib.