2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 12-ci gününü 1 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.
Xatırladaq ki, "Qəbələ" sabah - yanvarın 17-də təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununu keçirəcək. İlk matçda - saat 16:00-da "qırmızı-qaralar" Türkiyə I Liqasında mübarizə aparan "Adanaspor"la qarşılaşacaq. İkinci oyunda - saat 19:00-da "Qəbələ"nin rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq.