2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 13-cü gününü yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri bu gün iki hazırlıq keçib. İlk hazırlıq nəzəri məşğələdən ibarət olub. Bu, günün ilk yarısına təsadüf edib. Günün ikinci yarısında isə “qırmızı-qaralar” axşam məşqinə çıxıb. Komanda toplu çalışmalarla məşq edib. Məhəmməd Mirzəbəyov və Elvin Camalov isə fərdi hazırlıqla kifayətlənib.
“Qəbələ” sabah Antalya toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar”ın 4-cü matçdakı rəqibi Makedoniyanın “Şkendiya” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Xatırladaq ki, komandamız bunadək Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klubları ilə görüşüb.