Antalyada 2-ci sınaq
Xəbərlər / 19 Yanvar 2016 | 19:04147
Antalyada 2-ci sınaq

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah ikinci yoxlama oyununu keçirəcək. Yanvarın 10-dan Antalyada hazırlıq keçən Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. 3 gün öncə Almaniyanın aşağı liqa təmsilçisi “Osnabryuk”la heç-heçə (1:1) edən “qırmızı-qaralar”ın bu dəfəki rəqibi zəngin tarixə malikdir. Belə ki, 1896-cı ildə yaradılan Sürix şəhərinin eyniadlı klubu bu il 120 yaşını qeyd edəcək. 12 dəfə ölkə çempionu olan komanda 8 dəfə İsveçrə kubokunu qazanıb. 2 dəfə UEFA Çempionlar Kubokunun yarımfinalına yüksələn “Sürix” ötən mövsüm ölkəsində bürünc medala yiyələnib. Finlandiya futbolunun əfsanələrindən olan Sami Hyuypiyanın baş məşqçisi olduğu “Sürix” cari mövsümün ilk yarısını uğursuz keçirib. 18 turdan sonra 17 xalı olan komanda 10 iştirakçı arasında 9-cudur. Cari mövsüm UEFA Avropa Liqasında çıxış edən sürixlilər III təsnifat mərhələsində mübarizəni dayandırıb.
Bu, “Qəbələ”nin İsveçrə klubları ilə ilk oyunu olacaq. Komandamız indiyədək nə yoxlama, nə də rəsmi matçlarda bu ölkə təmsilçisi ilə üz-üzə gəlib. Sabah baş tutacaq “Qəbələ” – “Sürix” matçı “Miracle” otelinin meydanında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Yoxlama oyunu
20 yanvar
19:00. “Qəbələ” – “Sürix” (İsveçrə)
“Miracle” otelinin stadionu