Topaz Premyer Liqasının XII turu “Qəbələ” üçün əlamətdar oldu. Ramiz Məmmədovun yetirmələri II dövrənin ilk oyununda “Neftçi”ni 2:1 hesabı ilə məğlub edərək mövsümdə ilk dəfə ardıcıl 2 oyunda qələbə qazandı. Son 2 ev oyununda qola, son 3 ev matçında qələbəyə həsrət qalan komanda bu uğursuz seriyalara da son qoydu. Üstəlik, ölkənin ən titullu klubu olan “Neftçi” ardıcıl 3-cü dəfə Qəbələ səfərindən xalsız qayıtdı.
XII tur tarixə həm də “Qəbələ”nin Premyer Liqada yubiley - 200-cü qolunu vurması ilə düşdü. Belə ki, bu qarşılaşmayadək güclülər dəstəsində 183 oyuna 199 qol vuran “Qəbələ” “Neftçi” ilə matçda rəqib qapısından əvvəl 200-cü, sonra 201-ci topu keçirdi. Yubiley qolunun müəllifi isə Lourival Assis oldu. Matçdan sonra fikirlərini gabalafc.az-la bölüşən braziliyalı futbolçu qələbədə pay sahibi olduğu üçün özünü xoşbəxt hiss etdiyini söylədi:
“Neftçi” ilə oyunun çox çətin keçəcəyini bilirdik. Matça yaxşı hazırlaşmışdıq və meydançaya yalnız qələbə üçün çıxmışdıq. Mənsə görüşdə həmişə olduğu kimi qol vurmağa və assistentlik etməyə çalışırdım. Bu dəfə qol vurmaqla komandama kömək etdim. Qoldan sonra çox gözəl hisslər keçirdim. Komandanın qələbəyə ehtiyacı olduğu bir vaxtda istənilən nəticənin əldə olunmasında pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Biz həqiqətən qələbəyə layiq idik. Bütün futbolçular üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldi. Son iki oyunda “Qəbələ” gözəl oyun nümayiş etdirir. Bunda baş məşqçinin böyük əməyi var. O böyük insandı. Hər şeyə ürəkdən yanaşır. İnanıram ki, gələcək oyunlarımızda da uğurlu seriyanı davam etdirəcəyik və mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşacağıq”.