Dəqiqə 33: Lorival Assisin ötürməsindən sonra Bruno da Silva hesabı bərabərləşdirir.
Dəqiqə 53: Assisin küncdən zərbəsini Omar Kalabane başla tamamlayır və “Qəbələ” “Sumqayıt” qarşısında önə keçir.
Dəqiqə 55: Sol cinahdan cərimə meydançasına daxil olan Assisin qapı ağzına dəqiq ötürməsini Rəşad Abdullayev eyni dəqiqliklə tamamlayır - 3:1
Dəqiqə 71: Yenə Assisin künc zərbəsi və yenə Kalabane başla fərqlənir – 4:1...
“Qəbələ” “Sumqayıt”la matçda hesabda geri düşsə də, komandanın əzmkar oyunu sonda rəqibin darmadağınını qaçılmaz etdi. Qonaqların qapısından 4 qol keçirən Fatih Kavlakın yetirmələri doğma meydançada ardıcıl 4-cü qələbələrini qazandılar. Təbii ki bu uğurlu nəticənin əldə olunmasında qola imza atanlar qədər qol ötürməsi verənlərin də rolu böyükdür. “Sumqayıt”la matçda isə son həlledici zərbəni vuranlar fərqli olsalar da, assistent rolunu oynayan bir futbolçu var idi – Lorival Assis. “Qəbələ”yə mövsümün əvvəlində qoşulan braziliyalı qısa müddətdə komandaya uyğunlaşması ilə diqqət çəkir. Meydançaya çıxdığı 4 oyunda 1 qol (“Qəbələ” – “İnter” 1:0) vuran və 4 məhsuldar ötürmə ilə yadda qalan Assis gabalafc.az-a açıqlamasında komandanın uğurunda pay sahibi olduğu üçün özünü xoşbəxt hiss etdiyini dedi:
“Gərgin oyun alındı. Matça istədiyimiz kimi başlaya bilməsək də, sonradan üstünlüyü ələ keçirməyi bacardıq. Təzyiqimiz öz bəhrəsini verdi və böyükhesablı qələbə qazandıq. Qələbədə pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Gələcək oyunlarda daha yaxşı olacaq. Mən daha əvvəl də demişdim – “Qəbələ”yə tarix yazmaq üçün gəlmişəm. Bunun öhdəsindən gələcəyimə inanıram.”.