Avqustun 14-dən 21-dək Qəbələdə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə beynəlxalq Qran-Pri turniri keçirilib. Turnir Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.
Ölkəmizin atıcılıq idman tarixində və haqqında danışılan növdə ilk dəfə keçirilən turnir “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı və Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə gerçəkləşib. Yarışlarda Azərbaycan, Avstraliya , Böyük Britaniya, İtaliya, Rusiya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, Küveyt, Qazaxıstan, Qətər və Özbəkistan nümayəndələri mübarizə aparıblar. Azərbaycanın idman şərəfini Olimpiya çempionu Zemfira Meftahətdinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcrayə Komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, «Qəbələ» Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, eləcə də Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur kimi atıcılıq idmanının tanınmış simaları qoruyublar.
Mükafat fondu 81 min ABŞ dolları olan turnirdə 150-yə yaxın idmançı dairəvi və səngər stend növləri üzrə mübarizə aparıblar. Turnirin ilk günündə, dairəvi stend üzrə yarışlarda qadınlar çıxış ediblər. Turnirin ilk qızılını Rusiya təmsilçisi Svetlana Demina qazanıb. Hədəfləri atmaqda final iştirakçılarının hamısını üstələyən Svetlana fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Olga Panarina gümüş, Böyük Britaniya təmsilçisi Yelena Allen isə bürünc medala layiq görülüb. Bu yarışlarda qüvvəsini sınayan təmsilçilərimiz Zemfira Meftahətdinova 9-cu, Nurlana Cəfərova isə 8-ci nəticə göstərib.
Tamaşaçılar qadınların səngər stendi növü üzrə yarışlarında da gərgin mübarizənin şahidi olublar. Bu yarışlarda qızıl medala Qazaxıstan təmsilçisi Mariya Dmitriyenko yiyələnib. Gümüş medal Qətər atıcısı Əl-Xələf Xoloidə, bürünc mükafat isə Finlandiya təmsilçisi Makella Numella Satuya nəsib olub. Bu yarışda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun idmançısı Alina Rafixanova 7-ci yerlə kifayətlənib.
Dairəvi stend üzrə kişilərin mübarizəsində Böyük Britaniya nümayəndəsi Rory Varlov hamıdan dəqiq olub və turnirin qızıl medalını boynundan asıb. İkinci yeri Qətər nümayəndəsi Rəşid Hamad, üçüncü yeri Aleksadr Yeçşenko tutub. Səngər stendi üzrə yarışlarda isə fəxri kürsünün ən yüksək pilləsinə qazaxstanlı Viktor Kasyanov qalxıb. Gümüş medala rusiyali Olimpiya cempionu Aleksey Alipov, bürünc medala avstraliyali Jeyk Vallayk layiq görülüb. Bu növdə ölkəmizi təmsil edən "Qəbələ" Idman Klubunun vitse-prezidenti, eyni zamanda pesakar atıcı olan Elvin Ismayılov fərqlənib. O, səngər stendi üzrə Azərbaycan rekordunu yeniləyərək, bu yarışda finala qədər yüksəlib və yarışı 5-ci yerdə başa vurub.
Yarışların rəsmi bağlanışı mərasimində "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov, Azərbaycan Atıcılıq Federasiyasınını vitse-prezidenti Hafiz Cəfərov, Avropa Atıcılıq Konfederasiyasının nümayəndələri Petros Kirites və Villhelm Qril də iştirak ediblər.